Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaranmasının 108 illiyi tamam olur. Ümummilli Lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən hər il noyabrın 22-si ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Demokrat.az Azərtac-a istinadən bu əlamətdar gün münasibətilə Azərbaycan ədliyyə orqanlarının son bir ildə həyata keçirdiyi islahatlara və əldə etdiyi nəticələrə nəzər salır.
Ədliyyə sahəsində son illər ərzində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflıq və səmərəliliyin artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, rəqəmsal həllərin, eləcə də süni intellektin tətbiqi, vətəndaş məmnunluğunun təmin edilməsi bu dövrün əsas prioritetləri olub.

İcra fəaliyyətinin təkmilləşdirilməsi
İcra sahəsində iş yükünün artmasına baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində icra göstəricisi 65 faizə yüksələrək ən yüksək həddə çatıb. Həmçinin Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ötən il qəbul edilmiş icra sahəsində səmərəliliyin artırılmasına, resurslardan düzgün istifadə edilməsinə və iş yükünün optimallaşdırmasına xidmət edən "Xüsusi icra məmurları haqqında" Qanunun 2026-cı ildən etibarən icrasına başlanılıb. Belə ki, cari il ərzində xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqə artıq yekunlaşıb, müsabiqənin mərhələlərini uğurla başa vurmuş 8 namizəd icbari təlimə cəlb olunub. İlkin icbari hazırlığı uğurla başa vuran namizədlər qiymətləndirmədən keçəndən sonra staj mərhələsinə cəlb olunacaqlar.

İcra məmuru vəzifələri üzrə vakansiyaların komplektləşdirilməsi, bu sahədə daha geniş kadr bazasının formalaşdırılması məqsədilə ötən il qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən icra məmuru vəzifəsinə qulluğa qəbul zamanı ali hüquq təhsili tələbi aradan qaldırılıb. Cari ildə yeni qaydalar əsasında dövlət icra məmurları ilə bağlı ilk dəfə elan edilmiş müsabiqəyə yüksək maraq nümayiş etdirilib, 600-dən çox namizəd test mərhələsində iştirak edib, onlardan 300-ə yaxını növbəti mərhələyə - söhbət mərhələsinə keçib. Hazırda namizədlərlə müsahibələrin keçirilməsi prosesi davam edir. Yeni qaydalar əsasında seçilmiş xüsusi və dövlət icra məmurları 2027-ci ildən fəaliyyətə başlayacaqlar.
Penitensiar fəaliyyətin müasirləşdirilməsi
Penitensiar sistemdə mövcud infrastrukturun yenilənməsi, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması və onların sosial reabilitasiyası üçün daha əlverişli şəraitin yaradılması məqsədilə yeni penitensiar komplekslərin inşası ilə bağlı işlərə başlanılıb. Bu komplekslər hesabına 2030-cu ilədək təxminən 11 min məhkum üçün yeni, müasir tipli infrastrukturun istifadəyə verilməsi nəzərdə tutulur.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Fəaliyyət Planı"nın icrası çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən məhkumların peşə hazırlığının təşkili, onların əmək bazarının tələblərinə uyğun bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu məqsədlə cəzaçəkmə müəssisələrində əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili və təlimlərin keçirilməsini, habelə cəza çəkməkdən azad edilmiş məhkumları işə götürmə istiqamətlərində dövlət və özəl tərəfdaşlarla əməkdaşlığı nəzərdə tutan "N.Ə.F.Ə.S." (Nailiyyət, Əməkdaşlıq, Fərdi inkişaf, Əmək, Sosial inteqrasiya) layihəsinə start verilib. Layihə çərçivəsində ilk əməkdaşlıq "Azərişıq" ASC ilə qurulub. Belə ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində məhkumların müxtəlif istiqamətlər üzrə peşə hazırlığının təşkili və praktiki bacarıqlarının artırılması məqsədilə Ədliyyə Nazirliyi və "Azərişıq" ASC-nin birgə peşə hazırlığı mərkəzi yaradılıb.

İlk mərhələdə 22 məhkumla elektrik montyoru ixtisası üzrə sertifikatlaşma proqramı yekunlaşıb və cəza müddəti tamamlanmış şəxslərdən biri "Azərişıq" ASC-də işlə təmin olunub. "N.Ə.F.Ə.S." layihəsi məhkumların peşə bacarıqlarına yiyələnməsi ilə yanaşı, onların cəmiyyətə reinteqrasiyası, məşğulluq imkanlarının genişləndirilməsi və təkrar cinayət törətmə riskinin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır. Ədliyyə Nazirliyi tərəfindən bu istiqamətdə dövlət və özəl tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, uğurlu təcrübənin müxtəlif cəzaçəkmə müəssisələrində tətbiqi və əmək bazarında tələbat olan digər peşələr üzrə illik 1500 nəfərə yaxın məhkuma peşə vərdişlərinin öyrədilməsi nəzərdə tutulub.
Probasiya fəaliyyəti üzrə yeniliklər
Azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası sahəsində də müsbət nəticələr əldə edilib. Probasiya fəaliyyətində fərdi yanaşmanın və reabilitasiyayönümlü mexanizmlərin tətbiqinin genişləndirilməsi probasiya nəzarətində olan şəxslərin probasiya şərtlərini pozması və penitensiar müəssisələrə göndərilməsi hallarının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Probasiya sahəsində yeni yanaşmaları ciddi institusional və qanunvericilik səviyyəsinə qaldırmaq üçün "Azərbaycan Respublikasında probasiya sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya" layihəsi hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.
Məhkəmə ekspertizası sahəsinin inkişafı
Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli 844 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya"nın icrası çərçivəsində mühüm praktiki və institusional tədbirlər həyata keçirilib. Belə ki, məhkəmə ekspertizası sahəsi üçün yüksəkixtisaslı kadrların hazırlanması, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və elm ilə praktikanın inteqrasiyasının təmin edilməsi məqsədilə əməkdaşlıq memorandumları imzalanıb, məhkəmə ekspertizası sahəsində vahid standartlaşdırma sisteminin formalaşdırılması, vahid metodoloji yanaşmaların və keyfiyyət standartlarının tətbiqi istiqamətlərində müvafiq tədbirlər görülüb. Məhkəmə ekspertizası sahəsində resursların səmərəli istifadə edilməsi, iş yükünün optimallaşdırılması məqsədilə özəl məhkəmə ekspertizası institutunun tətbiqi üçün bütün işlər tamamlanıb. Artıq özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün icbari təlim prosesi yekunlaşıb və hazırda ilk özəl ekspertlərin şəhadətləndirilməsi prosesinə başlanılıb.
Ədliyyə fəaliyyətinin rəqəmsallaşdırılması
Ədliyyə sahəsinin rəqəmsallaşdırılması, proseslərin optimallaşdırılması və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində işlər ardıcıl şəkildə davam etdirilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi və Azərbaycanda rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması ölkəmizdə bu sahədə fəaliyyəti keyfiyyətcə yeni mərhələyə keçirib. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə həyata keçirilən tədbirlərin müsbət nəticələri kəmiyyət göstəricilərində də öz əksini tapıb.
Belə ki, cari ildə ölkəmizin ən böyük və mühüm informasiya sistemlərindən olan Əhalinin Dövlət Reyestrində FİN əsaslı məlumatların dəqiqliyi ötən il ilə müqayisədə 80 faizdən 99 faizə çatdırılıb.

Ədliyyə Nazirliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə istifadəyə verdiyi hüquqi aktların vahid elektron bazasına əsaslanan, süni intellekt dəstəkli, innovativ hüquqi axtarış platforması olan "e-qanun.ai"da qeydiyyatdan keçənlərin sayı təxminən 290 mini, emal edilən sorğuların sayı 4 milyonu keçib.
Borclulara, həmçinin tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradan "Mobil icra" tətbiqində isə istifadəçilərinin sayı 50 minə çatıb.

"Mobil notariat" tətbiqinin istifadəçi auditoriyası ötən illə müqayisədə 2 dəfə artıb. Belə ki, istifadəçi auditoriyası rekord həddə çataraq 2 milyon 300 mini ötüb. Hər gün orta hesabla 3700 elektron notariat hərəkəti məhz bu tətbiq üzərindən rəsmiləşdirilir. Həmçinin tətbiq üzərindən göstərilən 17 notariat xidmətinin "myGov" portalı vasitəsilə də vətəndaşlara təqdim olunması təmin edilib.
Rəqəmsallaşma tədbirləri penitensiar sistemi də əhatə edib. Belə ki, bu çərçivədə ötən il istifadəyə verilmiş məhkumların distant müayinəsi, eləcə də məhkumlarla görüşlərin onlayn qeydiyyatı xidmətlərinə 5 penitensiar müəssisənin qoşulması təmin edilib və artıq 900-dən çox şəxs bu xidmətlərdən yararlanıb.
Nazirliyin fəaliyyət istiqamətləri üzrə süni intellekt texnologiyalarının tətbiqi istiqamətində də mühüm addımlar atılıb. Belə ki, vətəndaş müraciətlərinin təhlili və cavablandırılmasını avtomatlaşdıran, eləcə də notariat fəaliyyətində istifadə olunan tövsiyə məktubları və normativ-hüquqi aktlar əsasında hüquqi axtarışın aparılmasına və izahların təqdim edilməsinə imkan verən süni intellekt modelləri, eləcə də "881" Çağrı Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə süni intellektəsaslı virtual operator yaradılaraq pilot qaydada tətbiqinə başlanılıb.
Beləliklə, son bir ildə Azərbaycan ədliyyə sistemində rəqəmsallaşma, süni intellektin tətbiqi, icra və probasiya fəaliyyətinin təkmilləşdirilməsi, penitensiar infrastrukturun yenilənməsi, məhkəmə ekspertizası və notariat xidmətlərinin inkişafı istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən islahatlar ədliyyə xidmətlərinin əlçatanlığının və səmərəliliyinin artırılmasına, müasir idarəetmə mexanizmlərinin formalaşdırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.



