Azərbaycanın Niderlanddakı səfiri Anar Əcəmov Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında ölkəmizin daimi nümayəndəsi kimi etimadnaməsini təşkilatın Baş direktoru Sabrina Dallafioraya təqdim edib.
Demokrat.az xəbər verir ki, təşkilatın Haaqadakı mənzil-qərargahında etimadnamənin təqdim edilməsindən sonra keçirilən görüşdə Azərbaycan ilə KSQT arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Görüşdə Azərbaycanın Kimyəvi Silahlar Konvensiyasını ilk imzalayan dövlətlərdən biri olduğu, 2000-ci ildən təşkilatın üzvü kimi onun fəaliyyətində fəal iştirak etdiyi və 2017-2019-cu illərdə KSQT-nin İcraiyyə Şurasında təmsil olunduğu vurğulanıb. Azərbaycanın təşkilatın Kimyəvi və Texnoloji Mərkəzinə könüllü maliyyə töhfəsi vermək və praktiki əməkdaşlığı genişləndirmək niyyəti də diqqətə çatdırılıb.
KSQT-nin Baş direktoru Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Tərəflər, həmçinin kimyəvi silahların yayılmasının qarşısının alınması istiqamətində beynəlxalq səyləri, müasir çağırışları və çoxtərəfli əməkdaşlığın əhəmiyyətini müzakirə ediblər. Peşəkar hazırlıq, kimyəvi təhlükəsizlik, potensialın artırılması və ekspert mübadiləsi sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.



