YapiKredi Müraciət Forması
Özəl Maraqlı

Daha bir video… Niyə izləməyi dayandıra bilmirik?

Daha bir video… Niyə izləməyi dayandıra bilmirik?

Sosial şəbəkələrdə qısa videolar arasında gəzişərkən zamanın necə keçdiyini çox vaxt hiss etmirik. Bir videodan digərinə keçərək dəqiqələrlə, hətta saatlarla telefon qarşısında qalırıq. Bunun əsas səbəblərindən biri sosial media platformalarının xüsusi alqoritmləri və beynimizin mükafatlandırma sistemidir.

Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, sosial şəbəkələrdə tətbiq olunan aralıqlı mükafatlandırma mexanizmi insanın izləməyə davam etməsinə səbəb olur. Bir neçə maraqsız videodan sonra qarşıya xoşumuza gələn video çıxır və beynimiz növbəti videoda da maraqlı nəsə görəcəyimizi gözləyir. Beləliklə, "bir video da izləyim" düşüncəsi ilə saatlarımızı sosial şəbəkələrdə keçiririk.

İnsanlar çox vaxt yorğunluqdan, stressdən və gündəlik problemlərdən uzaqlaşmaq üçün qısa videolara baxırlar. Lakin bu vərdiş zamanla nəzarətdən çıxa və gündəlik həyata mənfi təsir göstərə bilər. Xüsusilə yuxu rejiminin pozulması, diqqətin azalması, iş və dərs fəaliyyətinin zəifləməsi, ailə və sosial münasibətlərdən uzaqlaşmaq bu problemin əsas nəticələrindəndir.

Uşaqlarda isə uzun müddət qısa videolar izləmək dostlarla ünsiyyətə, oyunlara və digər sosial fəaliyyətlərə marağın azalmasına səbəb ola bilər. Böyüklərdə də ailə münasibətlərinə və iş məhsuldarlığına mənfi təsir göstərə bilər.

Mütəxəssislər bu vərdişdən uzaqlaşmaq üçün ilk növbədə sosial şəbəkələrdə keçirilən vaxta nəzarət etməyi, lazımsız bildirişləri söndürməyi və tətbiqlərdən istifadə müddətini məhdudlaşdırmağı tövsiyə edirlər. Əgər insan öz istəyinə baxmayaraq telefondan ayrıla bilmirsə, müəyyən müddət həmin tətbiqlərdən uzaqlaşması faydalı ola bilər.

Əslində, qısa videoların əsas təhlükəsi vaxtımızı hiss etdirmədən əlimizdən almasıdır. Bir neçə dəqiqəlik əyləncə kimi başlayan izləmə prosesi saatlarla davam edə bilər. Buna görə də sosial mediadan istifadə zamanı özümüzə sərhəd qoymaq və real həyatla virtual dünya arasında tarazlığı qorumaq vacibdir.