İnfarkt zamanı hər zaman döş qəfəsində kəskin ağrı müşahidə olunmur. Bəzi hallarda ürək tutması qarının yuxarı hissəsində mədə yanmasına bənzər diskomfort, ürəkbulanma və həzmsizlik hissi ilə də özünü göstərə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə bərpa təbabəti üzrə həkim, nevroloq və Sistemli Sağlamlıq Akademiyasının təsisçisi Aleksey Mamatov RT-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu əlamətlər bəzən soyuq tər, nəfəs darlığı və ümumi zəifliklə müşayiət olunur. Xüsusilə qadınlarda, yaşlı insanlarda və şəkərli diabetdən əziyyət çəkən şəxslərdə infarktın simptomları fərqli formada üzə çıxa bilər. Belə hallarda qeyri-adi yorğunluq, nəfəs darlığı və həzm pozğunluğuna oxşar narahatlıq daha qabarıq hiss edilə bilər.
Həkim qeyd edib ki, infarkt zamanı ağrı başgicəllənmə ilə müşayiət oluna, döş qəfəsinə, kürəyə, qola və ya çənəyə yayıla bilər. Bu əlamətlərdən hər hansı biri müşahidə olunarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır. Xəstənin özünün avtomobillə xəstəxanaya getməyə çalışması tövsiyə edilmir.
Mamatov vurğulayıb ki, mədə-bağırsaq problemləri zamanı ağrı, adətən, qida qəbulu və ya bədənin vəziyyəti ilə əlaqəli olur, digər həzm əlamətləri ilə müşayiət edilir. Bununla belə, narahatlığın ürəklə əlaqəsinin olmadığını yalnız simptomlara əsasən dəqiq müəyyənləşdirmək mümkün deyil. Şübhəli hallarda həkimə müraciət etmək vacibdir.
Kardioloq Anastasiya Poskakalova da bildirib ki, infarktın klassik əlaməti döş sümüyü arxasında yaranan, yandırıcı və sıxıcı xarakter daşıyan, sol qola, boyuna, çənəyə və ya kürəkaltı nahiyəyə yayılan ağrıdır. Lakin atipik hallarda ağrı sinənin başqa hissəsində, qarında və ya kürəkdə hiss edilə bilər.
Mütəxəssisin sadaladığı digər əlamətlərə nəfəs darlığı, soyuq və yapışqan tər, ürəkbulanma, qusma və ürək döyüntüsündə pozulmalar daxildir. Bəzi hallarda isə infarkt heç bir aşkar simptom olmadan da baş verə bilər.


