44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan leytenant Elvin Şükürlünün qardaşı Elnur Şükürlü mayor hərbi rütbəsinə yüksəlib.
Demokrat.az Bakıvaxtı.az-a istinadənxəbər verir ki, Elnur Şükürlü Azərbaycan Ordusunda hərbi xidmətini davam etdirir. O, Vətən müharibəsində qardaşı Elvinlə birlikdə döyüşlərdə iştirak edib.
Qeyd edək ki, Elvin Şükürlü 1997-ci il iyunun 14-də anadan olub. O, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2018-ci ildə leytenant rütbəsi ilə məzun olaraq hərbi xidmətə başlayıb.
Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elvin Şükürlü Murovdağ-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il sentyabrın 28-də Kəlbəcər istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub. Uzun müddət itkin hesab edilən hərbçinin nəşi 2021-ci il yanvarın 22-də Bakıda II Fəxri xiyabanda torpağa tapşırılıb.
Şəhid Elvin Şükürlü ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və digər medallarla təltif edilib.


