Mağazalarda, xüsusilə mebel, elektronika və avtomobil satışında məhsulların qiymətinin dollar və ya avro ilə göstərilməsinə rast gəlinir. Bəzi hallarda alıcı məhsulun real qiymətini öyrənmək üçün satıcıdan məbləğin manata çevrilməsini istəyir. Halbuki Azərbaycanda qiymətlərin xarici valyutada göstərilməsi qanunvericiliyin tələblərinə ziddir və sahibkarlar üçün cərimə nəzərdə tutulur.
Demokrat.az xəbər verir ki, bu məsələ "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13-cü maddəsində öz əksini tapıb.
Həmin maddəyə əsasən, satıcı istehlakçını maraqlandıran malın, işin və xidmətin qiyməti, istehlak xüsusiyyətləri, əldə edilmə şərtləri, təminat öhdəlikləri və digər vacib məlumatlar barədə ona zəruri və düzgün məlumat verməlidir.
Qanunda xüsusi olaraq qeyd olunur ki, satıcı Azərbaycan Respublikasının ərazisində satdığı malların, işlərin və xidmətlərin qiymətlərini yalnız manatla göstərməlidir.
Bu tələb yalnız dollarla deyil, avro və digər xarici valyutalarla qiymət göstərilməsinə də aiddir. Məsələn, mağazanın vitrinində məhsulun qiymətinin 100 dollar, xidmətin dəyərinin isə 50 avro yazılması qanunvericiliyin tələblərinə uyğun deyil.
Bəs bu qaydanı pozan sahibkarları hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 445.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində satılan malların, işlərin və xidmətlərin qiymətlərinin manatla göstərilməməsinə görə 1 100 manatdan 1 650 manatadək cərimə nəzərdə tutulur.
Bununla yanaşı, Məcəllənin 445.1-ci maddəsinə əsasən, satışda olan malların üzərində qiymət kağızlarının, göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin, menyuların olmamasına, yaxud onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.
Digər tərəfdən, İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsi də istehlakçıların məlumatlandırılması ilə bağlı tələbləri əhatə edir. Həmin maddəyə əsasən, istehlakçını maraqlandıran malın və ya xidmətin qiyməti, xüsusiyyətləri, əldə edilmə şərtləri və digər vacib məlumatların verilməməsinə görə 200 manat cərimə nəzərdə tutulur.
Beləliklə, mağazada qiymətin xarici valyutada göstərilməsi, qiymət kağızının olmaması və istehlakçıya zəruri məlumatların verilməməsi fərqli inzibati məsuliyyət yarada bilər.
İstehlakçılar belə hallarla qarşılaşdıqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər.


