YapiKredi Müraciət Forması
Təhsil

TKTA-dan çağırış: "Audit məlumatları kontekstdən kənar təqdim edilib"

TKTA-dan çağırış: Audit məlumatları kontekstdən kənar təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Hesablama Palatasının audit nəticələri ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.

Demokrat.az xəbər verir ki, 23 oktyabr 2026-cı ildə Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən TKTA-nın 2023–2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və icrasının nəticəliliyinin qiymətləndirilməsinə dair performans auditinin nəticələri açıqlanıb.

TKTA bildirib ki, audit məlumatlarının mediada işıqlandırılması zamanı bəzi hallarda faktlar məzmun və kontekstdən kənar təqdim edilib. Xüsusilə xarici kvalifikasiyaların tanınması prosesi ilə bağlı "TKTA-da saxta diplomlar aşkarlandı" məzmunlu başlıqların qurumun rəsmi məlumatında əksini tapan faktların mahiyyətini düzgün ifadə etmədiyi qeyd olunub.

Agentliyin açıqlamasına görə, Hesablama Palatasının məlumatında xarici kvalifikasiyaların tanınması zamanı təqdim olunan sənədlərin həqiqiliyinin yoxlanılması, saxta sənədlərin müəyyən edilməsi və bu hallarla bağlı TKTA tərəfindən görülən tədbirlər əksini tapıb. Qurum vurğulayıb ki, vətəndaşlar tərəfindən təqdim edilən saxta sənədlərin müəyyən olunması ilə həmin sənədlərin TKTA-nın öz fəaliyyəti nəticəsində aşkar edilməsi arasında fərq var.

TKTA qeyd edib ki, xarici kvalifikasiyaların tanınması prosesi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir. Qaydalara əsasən, kvalifikasiyaya dair sənədin autentik, yəni həqiqi olması tanınma üçün əsas şərtlərdən biridir.

Sənədlərin həqiqiliyini müəyyənləşdirmək məqsədilə TKTA tərəfindən müvafiq xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Həmin sorğulara daxil olan rəsmi cavablar və əldə olunan digər məlumatlar əsasında sənədlərin autentik olmadığı müəyyənləşdirildikdə qanunvericiliyə uyğun qərarlar qəbul olunur.

Agentlik həmçinin bildirib ki, fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar edildikdə qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür, cinayət əlamətləri olduqda isə məlumat aidiyyəti dövlət orqanlarına təqdim edilir. Saxta diplom və digər təhsil sənədləri ilə bağlı müəyyən edilən hallar da hüquqi qiymət verilməsi üçün aidiyyəti qurumlara göndərilir.

TKTA auditin maliyyə fəaliyyəti ilə bağlı nəticələrinin mediada təqdim olunmasına da münasibət bildirib. Qeyd edilib ki, hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulub.

Agentlik hesab edir ki, audit hesabatında əks olunan məlumatlar ümumi kontekst qorunmaqla təqdim edilməli, ayrı-ayrı məqamların əlavə şərh və ümumiləşdirmələrlə mahiyyəti dəyişdirilməməlidir. TKTA-nın fikrincə, audit nəticələrinin kontekstdən kənar işıqlandırılması qurumun fəaliyyəti barədə birtərəfli təsəvvür yarada bilər.

Qurum, eyni zamanda, normativ hüquqi bazanın təkmilləşdirilməsi, prosedurların səmərəliliyinin artırılması və keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib.

TKTA media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa, peşəkar jurnalistika prinsiplərinə riayət etməyə və məlumatların düzgün anlaşılmasına xidmət edən yanaşma nümayiş etdirməyə çağırıb.