Sosial

Şəhid zabitin həyat yoldaşı: "Dedim ki, səndən başqa heç kimim yoxdur" - VİDEO

Şəhid zabitin həyat yoldaşı: Dedim ki, səndən başqa heç kimim yoxdur - VİDEO

Vüsal Babayev Vətənin müdafiəsini müqəddəs borcu hesab edən zabitlərdən biri idi. O, Aprel döyüşlərində iştirak edərək döyüş təcrübəsi qazanmış, 2020-ci ildə başlayan Vətən müharibəsində də ön cəbhədə vuruşmuşdu.

Şəhidin həyat yoldaşı Aynur Babayeva onun ailəsinə bağlılığından və Vətən sevgisindən danışıb.

"Bizim uşaqlığımız Vüsalla bir yerdə keçib. Mən ailənin tək qızı olmuşam. Vüsala demişdim ki, ailə qursaq, sən mənə həm ata, həm ana, həm qardaş, həm də sirdaş olacaqsan.

Ailə quranda Vüsalın Vətənə olan sevgisinin şahidi olmuşdum. O, Vətənini və əsgərlərini çox sevirdi. 2020-ci il sentyabrın 27-də müharibə başlayanda Vüsal cəbhəyə yollandı. Mənə zəng edəndə ondan nə baş verdiyini soruşdum. Həmin vaxt müharibənin başladığını və cəbhəyə getməli olduğunu bildirdi.

Ona "Səndən başqa heç kimim yoxdur" deyəndə Vüsal mənə "Səni xalqıma, Vətənimə, Prezidentimə əmanət edib gedirəm" cavabını verdi", - deyə o bildirib.

Baş leytenant Vüsal Babayev Füzuli və Xocavənd istiqamətlərində gedən döyüşlərdə şəhid olub. Onun döyüş yolu müxtəlif orden və medallarla qiymətləndirilib. "Azərbaycan Bayrağı" ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şücaətə görə" və "Vətən uğrunda" medalları qəhrəman zabitin Vətən qarşısındakı xidmətlərinin göstəricisidir.

NE
Nihadə Eyyubova