"Bu gün güclü rəqiblə qarşılaşdıq. "Neftçi" yaxşı komanda təsiri bağışladı və bizə öz oyunumuzu nümayiş etdirməyə imkan vermədi. Rəqib layiqli mübarizə apardı. Bununla belə, bizim də üzərində işləməli olduğumuz çatışmazlıqlar var".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının VIII turunda "Neftçi" ilə 3:3 hesablı heç-heçə ilə başa çatan oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Mütəxəssis "Neftçi"nin gücləndiyini vurğulayıb və qarşıda komandaları uzun çempionat marafonunun gözlədiyini bildirib.
"Yeni transferlərimizin komandaya tam uyğunlaşması üçün zamana ehtiyacımız var. Çempionatın öz xüsusiyyətləri, məşqçilərin isə fərqli yanaşmaları var. Buna baxmayaraq, futbolçularımız xarakter nümayiş etdirdilər və əllərindən gələni etməyə çalışdılar. Onların daha yaxşı oynamaq üçün potensialı var. İnanıram ki, qarşıdakı matçlarda oyun səviyyəmizi yüksəldə biləcəyik.
Bu gün "Sabah" və ya "Neftçi" ilə qarşılaşdığımızı düşünərək öz gücümüzə şübhə etsəydik, bu, düzgün yanaşma olmazdı. Qarşıda bizi uzun çempionat marafonu gözləyir. Futbolçularımızın hazırkı səviyyələrindən daha yaxşı çıxış etmək imkanları var", - deyə Qurban Qurbanov bildirib.


