Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri təlimlər zamanı Şimal dənizi üzərində iki dəfə kimliyi müəyyənləşdirilməyən pilotsuz uçuş aparatları ilə üz-üzə gəlib. Hadisələr hərbi aviasiya üçün potensial təhlükə yaradıb.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Britaniya aviasiyasının hadisələrə dair qeydiyyat jurnalındakı məlumatları dərc edib.
Məlumata əsasən, insidentlər 2026-cı il fevralın 18-də və 23-də keçirilən hərbi təlimlər zamanı baş verib. Həmin vaxt Britaniya qırıcıları şərti hava döyüşləri və havada yanacaq doldurulması üzrə məşqlər həyata keçiriblər.
Qəzetin yazdığına görə, hər iki halda naməlum uçuş aparatları hərbi təyyarələrlə təhlükəli yaxınlaşma riski yaradıb. Xüsusilə diqqət çəkən məqam dronların 5100 metrdən yüksəkdə uçmasıdır. Bildirilir ki, həmin obyektlər radarlar tərəfindən də aşkarlanmayıb.
Nəşr qeyd edir ki, bu yüksəklik kommersiya dronları üçün nəzərdə tutulan maksimum həddi 40 dəfədən çox üstələyir. İnsidentlərin ABŞ ilə İran arasında hərbi qarşıdurmanın başlanmasından qısa müddət əvvəl qeydə alınması da diqqət çəkən məqamlardandır.
Hadisələrlə bağlı məlumatlar araşdırılması üçün Britaniya polisi ilə bölüşülüb. Bununla belə, naməlum pilotsuz uçuş aparatlarının mənşəyi, kimə məxsus olduğu və hansı məqsədlə uçduğu barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
İnsidentlərin digər detalları da ictimaiyyətə təqdim edilməyib.


