Şəmkir rayonunda iki gəncin mübahisəsi ağır cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Kür qəsəbəsində, "Bazar" adlanan ərazidə baş verib.
2005-ci il təvəllüdlü Qafar Abbasov orada tanışı Elmarla mübahisə edib. Mübahisəyə səbəb telefon məsələsi olsa da, sonradan gənclər arasında yaranan söyüş mübahisəni daha da şiddətləndirib. Bu zaman Qafar tanışına bıçaqla ağır xəsarət yetirib.
Qafarın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Qafar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəmkir rayonunun Səməd Vurğun kəndində nənəsi Kifayət Abbasova ilə birlikdə yaşayıb:
"Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Elmarı qəsəbə sakini kimi tanımışam, normal münasibətimiz olub. 2 mart 2025-ci il tarixində Elmarla söhbət əsnasında mobil telefonlarımızı dəyişmək barədə razılığa gəldik. Özümə məxsus olan "Samsung A51" markalı mobil telefonu ona verdim. Elmar isə qarşılığında özünə məxsus olan "Samsung A6" markalı mobil telefonu mənə verdi. "Samsung A51" markalı mobil telefonun batareyasının bir qədər zəif olduğunu desəm də, Elmar "Samsung A6" markalı mobil telefonunda heç bir problem olmadığını söylədi".
Təqsirləndirilən şəxs deyib ki, növbəti gün Elmarın ona verdiyi mobil telefonun ekranında problem olduğunu görüb və bununla bağlı Elmara zəng edərək telefonunu qaytarmasını istəyib:
"Elmar evdən çıxa bilmədiyini deyəndə isə sabahısı gün Bakıya gedəcəyimi və buna görə də öz telefonumu götürməli olduğumu bildirdim. Martın 3-də, günorta radələrində Elmarla Kür qəsəbəsində görüşdük. Həmin vaxt Elmar telefonu qaytarmaq istəmədiyi üçün aramızda əvvəlcə mübahisə yarandı. Lakin sonra razılaşaraq telefonları bir-birimizə qaytardıq. Həmin gün saat 21 radələrində Kür qəsəbəsinin mərkəzi hissəsində yerləşən çayxanaya getdim. Elmarın Kür qəsəbəsinin sakinləri olan Rafiq və Asəflə birlikdə çay içib qəlyan çəkdiyini gördüm. Onlara yaxınlaşaraq təxminən 15-20 dəqiqə birlikdə çay içdikdən sonra yanlarından ayrıldım və yaşadığım evə getdim".
Qafarın sözlərinə görə, evdə olarkən mobil telefonunun enerji yığmadığını aşkar edib və yenidən çayxanaya qayıdıb:
"Evdən çıxarkən özümlə bir ədəd mətbəx bıçağı götürdüm və onu bel nahiyəmdə, şalvarımın iç hissəsində yerləşdirərək Elmarı tapmaq üçün Kür qəsəbəsinin mərkəzində yerləşən həmin çayxanaya getdim. Asəfin mobil telefonu ilə Elmara mesaj yazaraq harada olduğunu soruşdum. Cavab vermədiyini gördükdə Asəfdən Elmarın nömrəsini götürdüm və ona zəng edərək telefonun enerji yığmadığını və təmir etdirilməli olduğunu dedim. Elmar isə mənə qarşı nalayiq ifadələr işlədərək "Sən artıq mənim başımı xarab elədin, haradasan, gəl, stadionun yanında görüşək" dedi. Mən də Elmara qəsəbənin mərkəzinə gəlməsini söylədim. Bir neçə dəqiqə sonra Elmar çayxanaya gəldi. Bir-birimizi görərək çölə çıxdıq və qəsəbənin mərkəzinə getdik. Aramızda mübahisə yarandı, bir-birimizə əl-qol atdıq. Ətrafda insanlar olduğu üçün Elmara "Gəl, keçək qıraqda söhbət edək" dedim. Elmar məni Kür qəsəbəsində yerləşən "Bazar"ın içərisinə doğru apardı. Bazarın içərisində yenidən mübahisə etdik. Elmar qəfil başı ilə sol üz nahiyəmə bir dəfə zərbə endirdi. Daha sonra sol çiynimə yumruqla vurdu. Bundan sonra Elmar ailə üzvlərimin ünvanına söyüş söydü. Elmarın sol qolunun iç hissəsində bıçaq saxladığını gördüm və sağ əlimlə belimdə daşıdığım bıçağı çıxararaq Elmarın sol qoltuqaltı nahiyəsinə bir dəfə zərbə vurdum. Elmar yerə yıxıldıqdan sonra bıçaq əlimdə qaçaraq oradan uzaqlaşdım. Elmarın məni tutmaq üçün arxamca bir qədər qaçdıqdan sonra diz üstə yerə çökdüyünü gördüm. Mən qorxaraq atam Maarifə zəng etdim. Baş verən hadisəni ona danışdıqda atam təslim olmağımı dedi. Kür qəsəbəsində yerləşən əmimin evinə getdim. Elmara xəsarət yetirdiyim mətbəx bıçağını binanın blokunda, ayaqqabı şkafının içərisində gizlətdim. Əmim Raqif gəldikdən sonra paltarımı dəyişmək üçün Səməd Vurğun kəndində yaşadığım evə qayıtdım. Əmim siqaret almağa gedib qayıtdıqdan sonra məni polis şöbəsinə aparacağını desə də, onu gözləmədim. Evdən çıxaraq Bakı şəhərinə getmək üçün taksiyə mindim. Yolda polis əməkdaşları taksini saxlayaraq məni götürdülər".
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Qafar 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


