Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi işəgötürənlərin də əməkdaşların onlayn fəaliyyətinə marağını artırıb. Bəzi şirkətlər işçilərin sosial şəbəkə paylaşımlarını izləyir, onların şəxsi həyatına dair məlumatları nəzərdən keçirir.
İşçilərin sosial şəbəkə hesablarının izlənilməsi nə dərəcədə etikdir və bunu texniki baxımdan həyata keçirmək mümkündür?
İnsan resursları üzrə menecer Röyal Əhmədov Demokrat.az-a açıqlamasında bildirib ki, işçilərin sosial şəbəkə hesablarının izlənilməsi həm etik, həm də hüquqi baxımdan həssas məsələlərdən biridir:

"Burada əsas meyar işəgötürənin nəyi izləməsi deyil, bunu hansı məqsədlə, hansı üsulla və hansı sərhədlər daxilində etməsidir. Texniki baxımdan açıq sosial şəbəkə profillərində paylaşılan məlumatları izləmək, ictimaiyyətə açıq paylaşımları təhlil etmək və müəyyən açar sözlər üzrə monitorinq aparmaq mümkündür. Bununla yanaşı, sosial şəbəkələrdə məlumatların açıq olması işəgötürənə həmin şəxsin bütün şəxsi həyatına müdaxilə etmək hüququ vermir".
Mütəxəssisin sözlərinə görə, işə qəbul zamanı namizədin peşəkar fəaliyyəti, ictimai davranışı və şirkətin nüfuzuna birbaşa təsir göstərə biləcək açıq paylaşımları müəyyən hallarda nəzərə alına bilər:
"Lakin şəxsin siyasi baxışlarına, şəxsi münasibətlərinə, ailə həyatına və iş fəaliyyəti ilə əlaqəsi olmayan digər məsələlərə əsasən qərar vermək etik deyil və hüquqi risklər yarada bilər. Eyni zamanda, işəgötürənin işçidən şəxsi hesabının şifrəsini tələb etməsi, şəxsi yazışmalarına icazəsiz daxil olması və ya gizli izləmə vasitələrindən istifadə etməsi ciddi məxfilik problemləri doğurur".


