İsmayıllıda antikorrupsiya əməliyyatı zamanı saxlanılan sabiq bələdiyyə sədri Cahangir Surxayevin məhkəmə prosesi yekunlaşıb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Diyallı kənd bələdiyyəsinin keçmiş rəhbəri cəzalandırılıb.
İşin təfərrüatına əsasən, C.Surxayev vəzifədə olduğu vaxt kənd sakininə arıçılıq təsərrüfatı yaratmaq üçün 2,6 hektar torpaq sahəsini 5 illik icarəyə verəcəyini vəd edib. O, qanunla tələb olunan ümumi yığıncaq və açıq hərrac prosedurlarını keçirmədən torpağı ayırtmaq müqabilində həmin şəxsdən ümumilikdə 22 min manat tələb edib.
Məbləğin 19 min manatını əvvəlcədən alaraq şəxsi ehtiyaclarına xərcləyən bələdiyyə sədri, qalan 3 min manatı alarkən cinayət başında yaxalanıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu İsmayıllıdakı "Orman" restoranında rüşvət alarkən saxlayıblar.
Məhkəmə zalında ifadə verən keçmiş məmur rüşvətalma ittihamı ilə razılaşmayıb. O, əməlini dələduzluq kimi qələmə verməyə çalışaraq, məqsədinin sadəcə vətəndaşı aldatmaq olduğunu bildirib. Sabiq sədr aile üzvlərinin müalicəsi və bank borclarını əsas gətirərək məhkəmədən yüngül cəza istəyib.
Hakim Günay Aşurovanın sədrlik etdiyi məhkəmə heyəti toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin vəzifə səlahiyyətlərini aşması, vəzifə saxtakarlığı və külli miqdarda rüşvət alması faktlarını təsdiqləyib. Qərara əsasən, Cahangir Surxayev 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.


