Elektrikli avtomobillər yanacaq xərclərinə qənaət və texniki xidmət baxımından sürücülər üçün cəlbedici seçim hesab olunur. Lakin avtomobilin alış qiyməti, batareyanın vəziyyəti, enerji doldurma imkanları və mümkün təmir xərcləri bu nəqliyyat vasitələrinin uzunmüddətli iqtisadi səmərəliliyinə təsir edə bilər.
Bəs Azərbaycanda elektrikli avtomobil almaq uzunmüddətli perspektivdə həqiqətən sərfəlidirmi? Sürücülər hansı əlavə xərclərlə üzləşə bilər və hansı hallarda elektrikli avtomobil benzinlə işləyən avtomobildən daha baha başa gələ bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, elektromobillər və plug-in hibridlər də daxil olmaqla, bu nəqliyyat vasitələrinin istismarı ilə bağlı Azərbaycanda müəyyən çətinliklər mövcuddur.

Onun sözlərinə görə, digər avtomobillərlə müqayisədə bu nəqliyyat vasitələrinin istismarı üçün ölkədə kifayət qədər texniki baza və təcrübə yoxdur, infrastruktur da lazımi səviyyədə inkişaf etməyib:
"Bu səbəbdən elektromobillərin istismar zamanı hansı problemlərlə üzləşəcəyini və onların müasir sistemlərinin necə işləyəcəyini əvvəlcədən dəqiq müəyyənləşdirmək çətindir. Elektromobil ölkəyə yeni, yürüşü olmayan avtomobil kimi gətirilərsə, onun vəziyyəti və gələcək istismar perspektivləri barədə müəyyən fikir söyləmək mümkündür. Lakin avtomobil ikinci əl kimi və ya müəyyən müddət istifadə edildikdən sonra ölkəyə gətirilərsə, vəziyyət fərqli ola bilər.
Bildiyimiz kimi, qanunvericilikdə avtomobillərin idxalı ilə bağlı yaş məhdudiyyətləri mövcuddur. Ancaq avtomobilin yaşı onun texniki vəziyyətini və istismar xüsusiyyətlərini tam müəyyən etmir.
Avropa ölkələrində, o cümlədən Almaniya və Polşada avtomobillərin vəziyyəti ilə bağlı müxtəlif məlumatların qeyd olunduğu sənədlər mövcuddur. Lakin həmin sənədlər də avtomobilin bütün xüsusiyyətlərini tam əks etdirmir.
Nəzərə alsaq ki, bəzi avtomobilləri ölkəyə gətirən şəxslər məlumatları dəyişdirə və ya sənədlərdə müəyyən göstəriciləri fərqli təqdim edə bilərlər, nəticədə bunun mənfi təsirini vətəndaş, yəni avtomobili alan şəxs hiss edir.
Bu baxımdan avtomobillərin istismarı, texniki xüsusiyyətləri və onlara xidmət göstərilməsi ilə bağlı bütün amillər nəzərə alınmalıdır. Elektromobillər perspektivli nəqliyyat vasitələri hesab oluna bilər, lakin onların nə dərəcədə səmərəli olacağını zaman göstərəcək".


