Bəzi məhsulların satış qiyməti dəyişməsə də, qablaşdırmadakı məhsulun çəkisi və ya miqdarı azaldılır. Nəticədə istehlakçı eyni məbləğ ödəməklə əvvəlkindən daha az məhsul alır və bu, məhsulun real qiymətinin artmasına səbəb olur.
Bəs istehsalçıların məhsulun çəkisini azaltmaqla qiyməti əvvəlki səviyyədə saxlaması bazarda gizli bahalaşma kimi qiymətləndirilə bilərmi? Bu tendensiya istehlakçıların alıcılıq qabiliyyətinə və ailə büdcəsinə necə təsir göstərir?
Demokrat.az-a bu barədə danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, bu, gizli bahalaşma hesab olunur.

Onun sözlərinə görə, lakin məhsulun qablaşdırmasının üzərində qeyd olunan çəki ilə onun real çəkisi üst-üstə düşürsə, burada birbaşa qanun pozuntusundan söhbət getmir:
"Başqa sözlə, istehsalçı məhsulun çəkisini azaldır, lakin qiymətini əvvəlki səviyyədə saxlayır. Nəticədə istehlakçı eyni məbləğə əvvəlkindən daha az məhsul alır və bu da faktiki olaraq qiymət artımı deməkdir. Bu tendensiyanın əsas səbəblərindən biri əhalinin alıcılıq qabiliyyətinin zəifləməsidir. İnsanlar alış-veriş zamanı məhsulun ümumi qiymətinə daha çox diqqət yetirir, qiymət artımına qarşı həssas olurlar. Belə şəraitdə istehsalçılar məhsulun qiymətini birbaşa artırmaq əvəzinə, onun çəkisini və ya həcmini azaltmağa üstünlük verirlər. Çünki qiymət əvvəlki kimi qaldıqda istehlakçı dəyişikliyi dərhal hiss etməyə və ya fərqinə varmağa bilər.
Nəticədə, məhsulun qiyməti dəyişməsə də, hər kiloqram və ya litr üzrə faktiki qiyməti artır. Bu isə istehlakçının eyni məbləğ qarşılığında daha az məhsul əldə etməsinə səbəb olur. Beləliklə, gizli bahalaşma həm alıcının xərclərinə təsir göstərir, həm də qiymət dəyişikliklərinin real miqyasını ilk baxışdan görməyi çətinləşdirir" .


