Maliyyə

Əmanət qoyarkən edilən bu səhvə görə pul bata bilər — Açıqlama

Əmanət qoyarkən edilən bu səhvə görə pul bata bilər — Açıqlama

Banklarda əmanətlər üzrə faiz dərəcələri bir-birindən fərqlənir. Buna baxmayaraq, bəzi insanlar daha yüksək faiz təklif edən banklara əmanət yerləşdirməkdə tərəddüd edirlər.

İnsanlar banka əmanət yatırarkən yalnız faiz dərəcəsini deyil, hansı əsas məqamlara diqqət etməlidirlər? Yüksək faiz təklif edən bankın seçilməsi zamanı hansı risklər nəzərə alınmalıdır?

Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında söyləyib ki, depozit yerləşdirərkən xüsusi diqqət yetirilməli məqamlardan biri əmanət üzrə faiz dərəcəsinin Əmanətlərin Sığortalanması Fondunun şərtləri çərçivəsində olub-olmamasıdır:

Əmanət qoyarkən edilən bu səhvə görə pul bata bilər — Açıqlama

"Yəni depozit müqaviləsinin Fondun müəyyən etdiyi sığorta şərtlərinə uyğun olmasına xüsusi diqqət yetirmək lazımdır. Burada əsas məsələ bankın dövlət və ya özəl olması deyil, əmanətin sığortalı olmasıdır. Müştəri yalnız bankın statusuna və ya təklif etdiyi yüksək faizə görə seçim etməməlidir. Əsas məsələ yerləşdirilən vəsaitin sığorta şərtlərinə uyğun olmasıdır. Manatla yerləşdirilən depozitlər üzrə sığorta faizinin 12 faiz olduğunu nəzərə alsaq, müştəri hər hansı kommersiya bankında və ya reklam təklifində daha yüksək faiz görə bilər. Lakin depozit Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi şərtlərdən kənarda, daha yüksək faizlə yerləşdirilərsə, həmin depozit sığorta şərtlərinə uyğun olmaya bilər. Bu halda bank bağlandığı zaman həmin vəsaitin geri qaytarılması sığorta mexanizmi ilə təmin olunmaya bilər. Əgər depozit Fondun müəyyən etdiyi şərtlər çərçivəsində, yəni onun sığorta örtüyünə daxil olan faiz dərəcəsi ilə banka yerləşdirilibsə, bank bağlansa belə, həmin şəxsin depozit vəsaitinin geri qaytarılması təmin olunur".

Emin Kərimov əlavə edib ki, 12 faizdən yuxarı olan faizlərlə təklif edilən depozitlər sığorta örtüyünə düşmədiyi halda daha riskli hesab oluna bilər:

"Manat depozitləri üzrə 12 faizə qədər olan faiz dərəcələri ilə yerləşdirilən əmanətlər isə müəyyən edilmiş sığorta şərtlərinə uyğun olduqda qorunur. Xarici valyutada olan əmanətlər üzrə isə sığorta faiz dərəcəsi 2,5 faizə qədər olan şərtləri əhatə edir. Buna görə də vətəndaşlar depozit yerləşdirərkən bu nüanslara xüsusi diqqət yetirməlidirlər. Digər vacib məsələ isə depozitin məbləğidir. Tutaq ki, şəxsin 200 min, 250 min və ya 300 min manat vəsaiti var. Bu zaman həmin şəxsin bütün vəsaiti bir banka yerləşdirməsi risk yarada bilər. Məsələn, 250 min manatın hamısını bir banka yerləşdirərsə, onun yalnız sığorta şərtlərinə uyğun olan hissəsi sığorta mexanizmi ilə qoruna bilər. Belə vəziyyətdə vəsaiti diversifikasiya etmək, yəni bir neçə banka bölərək yerləşdirmək daha məqsədəuyğundur. Məsələn, vəsaiti 4-5 bankda 50-100 min manat civarında və ya daha kiçik məbləğlər şəklində yerləşdirmək olar. Əgər hər bir depozit müəyyən edilmiş sığorta şərtlərinə uyğun yerləşdirilərsə, vəsaitin daha böyük hissəsinin sığorta örtüyündə olması təmin edilə bilər. Beləliklə, depoziti bir neçə banka bölməklə vəsait daha etibarlı şəkildə qorunmuş olur".

Yəni depozit seçərkən yüksək faizə deyil, sığorta şərtlərinə və məbləğin banklar arasında bölünməsinə üstünlük verilməlidir.

FH
Fidan Hacızadə
Müxbir