Abşeron rayonunda taksi sürücüsü müştəriyə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Elmar taksi fəaliyyəti ilə məşğul olduğu "Renault" markalı avtomobilə Sumqayıt şəhərindən sərnişin mindirib və Bakı-Sumqayıt şosse yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Xırdalan şəhərində Masazır dairəsi istiqamətində köməkçi yolla hərəkət etdiyinə görə avtomobildə qabaq oturacaqda əyləşmiş sərnişin Zaur (adlar şərtidir – red.) buna etirazını bildirib. Kobud davranması səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.
Mübahisə zamanı Elmar avtomobili Masazır dairəsinə yaxın ərazidə saxlayaraq Zauru avtomobildən düşürüb və yumruqla sifətinə, təpiklə isə bədəninə vurub, ona xəsarətlər yetirib.
Elmarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2025-ci il mayın 25-də idarə etdiyi "Renault" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olub:
"Həmin gün saat 13 radələrində Sumqayıt şəhəri, Sülh Plazanın qarşısından 6 müştəri götürərək, Bakı şəhəri, 20 Yanvar metrostansiyası istiqamətində hərəkətdə oldum. Əvvəllər tanımadığım, adını sonradan bildiyim Zaur avtomobildə qabaq sağ oturacaqda əyləşmişdi. Avtomobili Bakı-Sumqayıt şosesi ilə hərəkət etdirərkən Xırdalan şəhəri ərazisinə çatdıqda, oradan köməkçi yola daxil oldum. Masazır dairəsində bir nəfər şəxsə yük verməli idim. Masazır dairəsinə yaxınlaşan anda avtomobillərin nisbətən sıxlığı oldu. Həmin vaxt avtomobildə əyləşmiş sərnişin Zaur məndən nə səbəbə həmin yola girdiyimi soruşdu və ürəyinin xəstə olduğu üçün tıxacda qala bilmədiyini bildirdi. Mən isə Zaura belə olan halda özünə ayrıca taksi sifariş etməli olduğunu dedim. Bildirdim ki, taksi kimi hərəkət etdikdə sərnişinləri dayanacaqda düşürüb-mindirməklə məşğul oluram. Lakin Zaur heç bir səbəb olmadan irad bildirməyə və mübahisə yaratmağa çalışdı. Bildirdi ki, sən mənə yol göstərirsən. Mən isə onun sözlərinə əhəmiyyət vermədən yoluma davam etdim".
Təqsirləndirilən şəxs deyib ki, Zaurun sözünə irad bildirməsinə görə ona əsəbiləşib və gözləmədiyi anda avtomobildə oturmuş vəziyyətdə onun sağ çənə nahiyəsinə 2 dəfə yumruq atıb, onu söyüb-təhqir edib:
"Onun hərəkətlərinə əhəmiyyət vermək istəməsəm də, Zaurun ünvanıma və valideynimin ünvanına nalayiq sözlər işlətməsi məndə əsəb yaratdı. Avtomobilimi Masazır dairəsinə çatmamış 150 metr arxada saxladım. Maşından düşərək Zaurun oturduğu oturacağın qapısını açdım və maşından düşməsini tələb etdim. Lakin Zaur çox rahat halda məni söyməkdə davam etdiyi üçün və eyni ilə mənə yumruq atmağa davam etdiyi üçün qollarından tutaraq maşından düşürdüm. Həmin vaxt avtomobildə əyləşmiş sərnişinlər araya girərək mübahisəni sakitləşdirməyə çalışdılar. Buna baxmayaraq, Zaurun yumruq atmaqda və yaxamdan tutmağa cəhd etdiyini gördüm, onu itələdim. Nəticədə o, yerə yıxıldı, eynəyi yerə düşdü. Bundan sonra Zaurun hərəkətlərinə əhəmiyyət verməyərək maşına əyləşdim. Bu zaman Zaurun maşınımın şəklini çəkdiyini gördüm".
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Elmar barəsində amnistiya tətbiq edilib və o, cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.
Fariz Məlikli


