Kredit götürən şəxs üçün zamin olmaq bəzən sadəcə yaxın insana dəstək kimi qiymətləndirilir. Borcalanın krediti vaxtında ödəməməsi müəyyən hallarda zaminin də məsuliyyət daşımasına səbəb ola bilər.
Bankdan kredit götürən şəxsə zamin olan vətəndaş hansı hüquqi və maliyyə riskləri ilə üzləşə bilər?
Bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında söyləyib ki, bu zaminlik öhdəliyi, yəni zaminlik müqaviləsi zaminin də kredit öhdəliyidir:

"Yəni zamin olduğu kredit müqaviləsi üzrə zamin dayandığı şəxsə görə də öhdəlik daşıyır və bu, onun aylıq xərclərində nəzərə alınır. Hər hansı bir bankdan kredit götürmək istəsə, zamin olan şəxsin zamin olduğu öhdəlik də onun öz öhdəlikləri kimi qiymətləndirilir və kreditin hesablanmasında nəzərə alınır. Əgər zaminlik üzrə gecikmələri varsa, yəni cari gecikməsi və ya icra olunmamış öhdəliyi mövcuddursa, bu zaman müştərinin, yəni zaminin özü kredit üçün müraciət etdikdə, həmin müraciət imtina ilə nəticələnə bilər. Ümumiyyətlə, zamin olarkən, zamin dayanarkən çox ciddi düşünmək lazımdır".
Ekspert qeyd edib ki, tanıdığı, yaxından tanıdığı, ödəniş qabiliyyətinə və ödəniş davranışına arxayın olduğu, eyni zamanda iş yerinə, etibarlı iş yerində çalışdığına əmin olduğu şəxslərə, xüsusilə də birinci dərəcəli qohumlara zamin dayanılması tövsiyə olunur:
"Çünki elə şəxslər var ki, məsələn, iş yoldaşına zamin dayanıb, müəyyən müddətdən sonra həmin şəxs ya işini dəyişir, ya işdən çıxarılır, ya da hər hansı səbəbdən kollektivdən ayrılır və zamanla krediti ödəməməyə başlayır. Bu zaman zaminlik üzrə həmin zamin dayanan şəxsə də banklar tərəfindən zənglər gəlir, kreditin ödənilməsi tələb olunur. Hətta əməkhaqqısı kredit götürülmüş bankdan alınırsa, zaminin də əməkhaqqısından tutmalar, yəni akseptsiz qaydada kreditin ödənişi üçün tutulmalar baş verə bilər. Bu səbəbdən zamin duran şəxslər, ilk növbədə, zaminlik üzrə öhdəlik daşıdıqlarını və bu müqavilənin onların da öhdəliyi sayıldığını bilməlidirlər. Zamin dayanmaq istəyərkən bunu ciddi şəkildə düşünmək lazımdır. Çünki müqavilə üzrə öhdəlik müqavilə bitənə qədər qüvvədədir və müqavilənin qüvvədə olduğu müddətdə həmin şəxsin, yəni zamin olan şəxsin də öhdəliyi sayılır".


