Tərəvəzlərin konservləşdirilməsi mövsümündə qış üçün müxtəlif sous və pastalar hazırlamaq mümkündür. Bolqar bibərindən hazırlanan bu pasta isə ət, makaron, şorba, tərəvəz yeməkləri və qovurmalara əlavə edilə bilər.
Demokrat.az xəbər verir ki, ətirli bibər pastası həm yeməklərə rəng və dad verir, həm də ketçupa alternativ kimi istifadə oluna bilər.
Lazım olan ərzaqlar:
* 2 kq şirin bibər
* 2 böyük soğan
* 4 diş sarımsaq
* 100 ml bitki yağı
* 1 xörək qaşığı şəkər
* 2 xörək qaşığı duz
* 1 çay qaşığı şirin toz bibər
* 2 xörək qaşığı sirkə
Bu miqdardan təxminən 200 millilitrlik 5-6 banka pasta alınır.
Hazırlanması
Bibərləri yuyub saplaqlarını və toxumlarını təmizləyin. Doğrayıb sarımsaqla birlikdə blenderdən keçirin.
Soğanı xırda doğrayın. Qalın dibli qazana yağı əlavə edib orta odda qızdırın və soğanı 3-4 dəqiqə şəffaflaşana qədər qovurun. Daha sonra bibər-sarımsaq qarışığını, duzu, şəkəri və toz bibəri əlavə edin.
Qarışığı təxminən 80 dəqiqə bişirin. Pasta dibə yapışmasın deyə vaxtaşırı qarışdırmaq lazımdır. Bişməyin bitməsinə 10 dəqiqə qalmış sirkəni əlavə edin. Zövqə uyğun olaraq duz, şəkər və digər ədviyyatların miqdarını dəyişmək olar.
Hazır pastanı bir qədər soyudun və isti halda steril bankalara doldurun. Bankanın üst hissəsində təxminən 2 santimetr boşluq saxlayın və qapağını möhkəm bağlayın. Sərin və qaranlıq yerdə saxlamaq məsləhətdir.
Pastanı bankada saxlamaq istəməyənlər onu buz qəliblərinə dolduraraq dondura bilərlər. Bu üsul xüsusilə yeməyə az miqdarda sous əlavə etmək üçün əlverişlidir. Lazım olduqda 1-2 kub götürmək kifayətdir.
Bibər pastası şorbalara, tərəvəz və ət yeməklərinə, paxlalılara, makaronlara və borş üçün qovurmaya əlavə edilə bilər. Adətən yeməyə 2-3 xörək qaşığı əlavə etmək kifayətdir.
Daha intensiv dad əldə etmək üçün bibəri əvvəlcədən 180 dərəcədə təxminən 40 dəqiqə sobada bişirmək olar. Bu halda bibərin qabığını soyduqdan sonra blenderdən keçirmək lazımdır.
Jalə


