Kriminal

"Atam bir neçə dəfə ailə həyatı qurduğu üçün məndən başqa 7 oğlu, 1 qızı var" — 17 yaşında məhkum oldu

Atam bir neçə dəfə ailə həyatı qurduğu üçün məndən başqa 7 oğlu, 1 qızı var — 17 yaşında məhkum oldu

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan ögey atasını qətlə yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin oktyabrın 20-də rayonun Maştağa qəsəbəsi, Daş karxanasında baş verib.

2009-cu il təvəllüdlü Aslan anası Elmira və atalığı Zaurla (adlar şərtidir – red.) birgə yaşadıqları evdə olarkən qonaq otağında atalığının alkoqollu içki qəbul etməsini gördüyündən yataq otağına gedərək uzanıb. Həmin vaxt Zaur Elmira ilə ailə münaqişəsi zəminində mübahisə edib.

Ər-arvadın arasında yaranmış mübahisəni eşitdikdən sonra onların onu gördüklərində sakitləşəcəklərini düşündüyü üçün qonaq otağına geri dönüb və orada əyləşib.

Buna baxmayaraq, Zaur ögey oğluna məhəl qoymayıb və Elmira ilə əlbəyaxa olub, qadını yerə yıxaraq döyüb. Bunu görən Aslan çarəsiz şəkildə görüntülü zənglə yaxın qohumlarına zəng edib və baş vermiş hadisəni əyani olaraq göstərib.

Zaur qonaq otağında stulda əyləşərək yerdə uzanılı vəziyyətdə olan Elmiranın bədən nahiyəsini təpikləyib, onu və yaxınlarına qarşı nalayiq ifadələr işlədib. Bu söyüşləri həzm etməyən yeniyetmə qohumlarına etdiyi zəngi sonlandırıb və qisas almaq niyyəti ilə Zauru öldürmək qərarına gəlib. O, gizlincə yaxınlıqda yerləşən mətbəxə gedib və oradan bıçaq götürərək belində gizlədib. Qonaq otağına qayıdan Aslan ondan böyük olduğu üçün qarşılıqlı gücünün çatmayacağını düşündüyündən arxa nahiyəsindən bədəninin müxtəlif nahiyələrinə iki dəfə zərbə vurub. 1980-ci il təvəllüdlü Zaur aldığı xəsarətlərdən ölüb.

Aslanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Aslan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Maştağa qəsəbəsi, Daş karxanasında 2 otaqlı fərdi evdə anası Elmira və atalığı Zaurla birlikdə yaşayıb:

"Mən öz atam Vidadini anadan olduğum gündən bu günədək görməmişəm. Atam bir neçə dəfə ailə həyatı qurduğu üçün məndən başqa 7 oğlu, 1 qızı olmasını bilirəm. 2021-ci ilədək mən və anam babamgildə yaşamışıq. Nənəm ilə babam rəhmətə getdikdən sonra hazırda yaşadığımız ünvana köçmüşük. Bir müddət orada anam ilə yaşadıqdan sonra anam iş yerində tanış olduğu Zaurla faktiki nikah münasibətinə girərək bir evdə yaşadı. Bir yerdə yaşadığımız müddətdə Zaur hər gün alkoqollu içki qəbul edib, narkotik vasitə marixuanadan istifadə edib və anamı səbəbsiz olaraq söyüb, dava edib. Bu səbəblə də Zaur hər dəfəsində anama qarşı bu hərəkətləri etdiyi zaman onunla mübahisə etmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, ötən ilin oktyabrın 20-də evdə olub və bir neçə dəfə dostları ilə oynamaq üçün çölə çıxaraq geri qayıdıb: "Nəhayət, saat 20 radələrində evə qayıdarkən həmin zaman anam və atalığım evdə olublar. Zaur alkoqollu içki qəbul edib, anam isə mətbəxdə yemək bişirib. Həmin vaxt anamın da içkili olduğunu hiss etsəm də, anam bunu etiraf etmədi. Bundan sonra yataq otağında bir saata yaxın uzandım. Lakin həmin vaxt anam və Zaurun dalaşmaması üçün yataq otağından qonaq otağına keçdim və orada oturaraq telefonla oynamağa başladım. Ögey atam isə eyni qaydada alkoqollu içki qəbul etdi. Daha sonra acdığım üçün mətbəxə keçəndə Zaur anama atasıgilə gedəcəyini dedi. Bu zaman anam ona içkili olduğunu və evdən çıxmamasını məsləhət görməsi səbəbindən aralarında mübahisə başladı. Anam Zaurun getməməsi üçün onun telefonunu əlindən alaraq gizlətdiyində qonaq otağında aralarında əlbəyaxa dava oldu və anamı yerə yıxdı. Zaur içkili olduğu üçün müvazinətini qoruya bilmədi və ayaqüstə yerdə anamı təpiklədi. Bu mənzərədən qorxduğum üçün dərhal öz telefonumda olan "WhatsApp" tətbiqi vasitəsilə xalam Pərvanəyə görüntülü zəng edərək baş verənlər barədə məlumat verdim, anam və Zaurun davasını ona göstərdim".

Təqsirləndirilən şəxsin sözlərinə görə, anası ilə atalığının arasında davanın bitmədiyini görüb, xalası ilə danışığı sonlandırıb: "Anamın döyüldüyünü həzm etmədiyimdən, həmçinin babam, dayım və məni söydüyü üçün əsəbləşdim. Artıq Zauru öldürmək qərarına gəldiyim üçün mətbəxə keçdim və oradan mətbəx bıçağını götürərək qonaq otağına geri döndüm. Həmin vaxt anam yerdə uzanmışdı. Lakin Zaur anamı yerdə təpikləyərək, saçını dartırdı. Üzərimdə bıçaq olmağına baxmayaraq, Zaurla üzbəüzdən qorxduğum üçün sakit formada yataq otağı tərəfə keçdim. Daha sonra Zaurun hərəkətlərinə davam etdiyini gördüm və qonaq otağına qayıdaraq, Zaurun arxası mənə tərəf oturduğunu gördüm. Onun kürək nahiyəsinə bir neçə dəfə zərbə endirdim və həmin zaman Zaur aldığı bıçaq zərbələrindən bir qədər qapı tərəfə gedərək yerə yıxıldı".

Aslanın ifadəsinə görə, daha sonra anası Zauru bıçaqla vurduğunu görüb, ona nə etdiyini deyərək əlindən bıçağı alıb: "Anam mənim qorxduğumu görərək yataq otağına saldı və qapını bağladı. Buna baxmayaraq, qapının bir çərçivəsində olan şüşə sınmış vəziyyətdə olduğundan qonaq otağında anamın Zaurun qanaxmasının dayanması üçün tibbi yardım göstərdiyini, lakin Zaurun qanaxmasının dayanmadığını gördüm. Anam bıçağı əlimdən alandan sonra həyətdə olan tullantı üçün qazılmış quyuya ataraq qanı təmizlədi. Sonra Zaur dəfələrlə su istədi və anam ona su verdi. Yenidən yataq otağında olan zaman Zaurun su istəməsini eşidərək yataq otağından çıxdım və ona su verdim. Bir qədər sonra anam mənə Zaurun səsinin gəlmədiyini bildirdi. Mən isə anama "ölə bilməz" cavabını verdim. Daha sonra acdığım üçün mətbəxə keçən zaman Zaurun nəfəs almadığını və ağzı ilə gözünün açıq vəziyyətdə olduğunu gördüm, yataq otağına keçərək anama bildirdim. Qonaq otağında televizorun yanında yerdə əyləşərək anama təcili tibbi yardıma zəng etməsini bildirdim. Lakin anam zəng etmədi. Daha sonra anam Daxili İşlər Nazirliyinin "102" zəng xidmətinə zəng edərək, yalandan Zaurun evə bıçaqlanmış formada gəldiyini və anidən evdə öldüyü barədə məlumat verdi. Bundan sonra yataq otağında olan velosipedimi götürərək polis əməkdaşlarının qarşısına çıxmaq üçün Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən "Maştağa Mail"in qarşısına gedərək polis əməkdaşlarına evi göstərdim. Evdə olan zaman polis əməkdaşlarına anamın yalan dediyini və Zauru bıçaqlayaraq öldürdüyümü bildirdim".

İş üzrə zərərçəkmiş Zaurun hüquqi varisi, qardaşının sözlərinə görə, baş vermiş hadisənin şahidi olmayıb:

"Qardaşım Zaur təqsirləndirilən şəxsin anası Elmira ilə işlədikləri toyuq sexində tanış olublar. Qardaşım mənə Elmira ilə ailə quracağını dedi. Mən sonradan belə bir hadisənin baş verdiyini, yəni təqsirləndirilən şəxsin qardaşımı öldürdüyünü bildim".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 130-cu (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını, Cinayət Məcəlləsinin 85.5., 86.1 və 60-cı maddələrinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməsini xahiş edib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Fariz Məlikli

R
Redaktor