Havaların soyuması və son günlər Bakıda qeyri-sabit hava şəraitinin, eləcə də yağıntıların normadan artıq olmasının avtomobil seçiminə də təsir etdiyi bildirilir. Xüsusilə, çətin yol şəraitində daha rahat hərəkət imkanları təqdim edən SUV modellərə marağın artıb-artmadığı diqqət çəkir.
Əlverişsiz hava şəraiti və yağıntıların çoxalması SUV avtomobillərə olan marağa necə təsir edir?

Avtomobil mütəxəssisi Elçin Abbasov Demokrat.az-a açıqlamasında söyləyib ki, son günlər Bakıda qeyri-sabit hava şəraiti və intensiv yağıntılar avtomobil seçiminə də təsir göstərə bilər:
"Belə şəraitdə SUV və krossoverlərə marağın artması təbiidir. Bu avtomobillərin əsas üstünlüklərindən biri daha yüksək klirensdir. Bu, su yığılan və nahamar yollarda hərəkəti nisbətən rahatlaşdırır. Bəzi SUV-lərdə olan tam ötürücü sistem də sürüşkən yollarda avtomobilin dartı imkanlarını yaxşılaşdırır".
Onun sözlərinə görə, lakin SUV olması avtomobilin dərin sudan təhlükəsiz keçə biləcəyi demək deyil:
"Suyun dərinliyi bilinmirsə, həmin əraziyə daxil olmaq risklidir. Su mühərrikə, elektron sistemlərə, elektrik və hibrid avtomobillərdə isə müxtəlif elektrik komponentlərinə ciddi zərər verə bilər. Ona görə də yağışlı havada avtomobilin hündürlüyü ilə yanaşı, təkərlərin, əyləc sisteminin, şüşəsilənlərin və işıqlandırmanın saz vəziyyətdə olması daha vacibdir. İntensiv yağıntılar SUV və krossoverlərə marağı artıra bilər, lakin təhlükəsizliyin əsas şərti avtomobilin texniki sazlığı və sürücünün yol şəraitinə uyğun davranmasıdır".


