Ağ köynəklərdə parçanın daxilində qalıqların toplanması nəticəsində sarı rəngli izlər əmələ gəlir.
Demokrat.az-ın məlumatına görə, təmizlik üzrə ekspert Renata Kruz "Martha Stewart"a bildirib ki, bu qalıqlar dəriyə qulluq vasitələri, tər, ölü dəri hüceyrələri və hətta yuyucu tozun parçanın üzərində toplanmasından ibarət ola bilər.
"Bu, mütləq köynəklərinizi yumadığınız və ya onları yuyulmamış halda geyindiyiniz anlamına gəlmir. Tər və dəri yağında yuma zamanı tamamilə təmizlənməyən bəzi komponentlər həmişə olur. Zaman keçdikcə bu qalıqlar oksidləşir və parçanın rənginin dəyişməsinə səbəb olur", – deyə o izah edib.
Qoltuqaltı nahiyələr xüsusilə buna meyillidir, çünki gün ərzində tər və antiperspirantların təsirinə məruz qalır. Bundan əlavə, dezodorantların tərkibində çox vaxt alüminium olur və bu maddə parçada sürətlə toplana bilər.
"Kök və tər ilə birləşdikdə bu, parçanın saralmasına gətirib çıxarır", deyə Kruz qeyd edib.
Ağ köynəklərdən tər ləkələrini necə çıxarmaq olar?
Tərdən yaranan sarı ləkələr kifayət qədər davamlı ola bilər, lakin düzgün işlənmə onların aradan qaldırılmasına kömək edə bilər. Ekspertin sözlərinə görə, aşağıda göstərilən üsul ağ pambıq, poliester və ya pambıq-poliester qarışığından hazırlanmış parçalar üçün uyğundur.
Nə etmək lazımdır?
Əvvəlcə qulluq qaydalarının göstərildiyi etiketi yoxlayın. Köynəyin yuyula bildiyinə, istifadə olunan yuyucu vasitənin və suyun temperaturunun həmin material üçün uyğun olduğuna əmin olun. Daha sonra köynəyi tərs üzündən sərin və ya ilıq su altında yaxalayın. Bu, suyun ləkənin arxa tərəfindən parçaya nüfuz etməsinə imkan verəcək.
"Ləkəni əvvəlcədən işləyin: tərkibində fermentlər olan maye yuyucu vasitəni birbaşa saralmış nahiyələrə çəkin və yumşaq tüklü diş fırçası ilə parçaya ehtiyatla sürtün. Daha sonra 15–30 dəqiqə saxlayın", deyə materialda qeyd olunur.
Ləkənin əlavə işlənməyə ehtiyacı varsa, camaşır yuma üzrə mütəxəssis Steysi Parker şəffaf qabda 3 faizlik hidrogen peroksid və qida sodasının bərabər hissələrindən pasta hazırlanmasını tövsiyə edir. Pastanı ləkənin hər iki tərəfinə çəkin, parçaya ehtiyatla sürtün və bir saat saxlayın. Daha sonra sərin su ilə yaxalayın.
Bundan sonra köynəyi qulluq təlimatlarına uyğun olaraq, icazə verilən ən yüksək su temperaturunda yuyun.
"Qurudulmazdan əvvəl yoxlayın: köynək hələ nəm ikən əvvəllər ləkələrin olduğu nahiyələrə baxın və saralmanın aradan qalxdığından əmin olun. Əgər rəng dəyişikliyi qalırsa, prosesi təkrarlayın – köhnə ləkələr üçün iki və ya daha çox yuma dövrü tələb oluna bilər. Ləkənin tamamilə yox olduğuna əmin olduqdan sonra köynəyi həmişəki kimi rahatlıqla quruda bilərsiniz", deyə materialda bildirilib.
Jalə


