Maraqlı

10 dəqiqəyə hazırlanan 3 ləzzətli çörəküstü qəlyanaltı – Sadə reseptlər

10 dəqiqəyə hazırlanan 3 ləzzətli çörəküstü qəlyanaltı – Sadə reseptlər

Çörəyin üzərinə çəkilən müxtəlif qarışıqlar həm səhər yeməyi, həm də gün ərzində tez hazırlanan qəlyanaltı üçün əlverişlidir.

Demokrat.az xəbər verir ki, onları hazırlamaq üçün çoxlu ərzağa ehtiyac yoxdur. Aşağıda cəmi bir neçə məhsulla hazırlanan üç sadə resept təqdim edirik.

Sarımsaqlı pendirli qarışıq

Bu qarışıq həm sadə, həm də doyumlu qəlyanaltıdır.

Ərzaqlar:

* 150 qram bərk pendir

* 2 ədəd yumurta

* 2-3 diş sarımsaq

* 2 xörək qaşığı mayonez

* duz, istiot

* şüyüd və ya cəfəri

Yumurtaları bərk bişirib qabığını soyun və sürtgəcdən keçirin. Pendiri də sürtgəcdən keçirdikdən sonra yumurta ilə qarışdırın. Üzərinə əzilmiş sarımsaq və xırda doğranmış göyərti əlavə edin.

Daha sonra mayonez əlavə edib bütün ərzaqları yaxşıca qarışdırın. Qarışıq çox qatı olarsa, bir qədər də mayonez əlavə etmək olar. Hazır qarışığı 20-30 dəqiqə soyuducuda saxladıqdan sonra çörəyin üzərinə çəkərək süfrəyə verə bilərsiniz.

Tunalı çörəküstü qarışıq

Ton balığı sevənlər üçün bu resept xüsusilə uyğun seçimdir. Yumurta və xiyar qarışığa həm dad, həm də təravət verir.

Ərzaqlar:

* 1 banka konservləşdirilmiş ton balığı (təxminən 180 qram)

* 2 ədəd yumurta

* 1 kiçik təzə xiyar

* 1-2 xörək qaşığı mayonez

* 1 çay qaşığı xardal

* bir qədər yaşıl soğan

* duz və istiot

Əvvəlcə yumurtaları bərk bişirin. Ton balığının suyunu və ya yağını tamamilə süzün. Bu vacibdir, çünki artıq maye qarışığın sulu alınmasına səbəb ola bilər.

Ton balığını çəngəllə əzin, yumurtaları xırda doğrayın və ya sürtgəcdən keçirin. Xiyarı və yaşıl soğanı da xırda doğrayaraq ərzaqlara əlavə edin. Üzərinə xardal və mayonez töküb qarışdırın. Sonda istiot, ehtiyac olarsa bir qədər duz əlavə edin. Qarışığı 20-30 dəqiqə soyuducuda saxladıqdan sonra çörəklə birlikdə təqdim edə bilərsiniz.

Kök və əridilmiş pendirdən qarışıq

Kök və əridilmiş pendirin birləşməsi ilk baxışda fərqli görünsə də, olduqca dadlı qəlyanaltı hazırlamağa imkan verir.

Ərzaqlar:

* 2 orta ölçülü kök

* 2 ədəd əridilmiş pendir

* 1-2 diş sarımsaq

* 1-2 xörək qaşığı mayonez

* duz, istiot

* şüyüd

Kökü təmizləyib yumşalana qədər qaynadın və soyuduqdan sonra sürtgəcdən keçirin. Əridilmiş pendiri də sürtgəcdən keçirib köklə qarışdırın. Üzərinə əzilmiş sarımsaq əlavə edin.

Qarışığa əvvəlcə bir qaşıq mayonez əlavə edib yaxşıca qarışdırın. Çox qatı alınarsa, daha bir qaşıq mayonez əlavə edə bilərsiniz. Sonda duz, istiot və xırda doğranmış şüyüd əlavə edin. Hazır qarışığı soyuducuda 20-30 dəqiqə saxlayıb çörəyin üzərinə çəkərək süfrəyə verə bilərsiniz.

Jalə