Siyasət

Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün

1993-cü il oktyabrın 3-də keçirilmiş prezident seçkilərindən 33 il ötməsinə baxmayaraq, o gün xalqımızın yaddaşından silinməyib. Çünki məhz həmin gün Milli Qurtuluşa gedən yolun başlanğıcı hesab olunur. Eyni zamanda, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil demokratik, hüquqi, dünyəvi dövlətin əsasının qoyulduğu gündür. Həmin gün xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Azərbaycanın Prezidenti seçdi. Xalqın düzgün müəyyənləşdirdiyi taleyüklü seçimlə hazırda dünyanın inkişaf etmiş dövlətləri ilə bir sırada addımlayan qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi.

Heydər Əliyevin prezidentlik fəaliyyəti Vətənə sədaqətli xidmət nümunəsidir. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən müdrik şəxsiyyət 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək müstəqillik yoluna yenicə qədəm qoymuş respublikamızı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ömrünün qalan hissəsini Azərbaycanın gələcək inkişafına həsr edən Ümummilli lider andiçmə mərasimindəki nitqində də bu məqamları diqqətə çatdıraraq demişdir: "Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm".

Tarixi şəxsiyyətin prezident seçildiyi o illər yaddaşımızda müstəqilliyimizin ağrılı və əzablı mərhələsi kimi qalıb. Həmin o məşəqqətli illərdə ölkəyə rəhbərlik edənlər sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə vaxtında dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk günlərindən Azərbaycanın siyasi-iqtisadi suverenliyinin təmin olunması yolunda qətiyyətli addımlar atıldı.

Hesab edirəm ki, məhz həmin dövrdə Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ümummilli Lider, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmiş və ölkəmizin beynəlxalq aləmə inteqrasiyası idtiqamətində qətiyyətli addımlar atılmışdır. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuş, müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur. Respublikamızın ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir.

Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin gərgin siyasi fəaliyyəti nəticəsində Azərbaycan nüfuzlu beynəlxaıq təşkilatlara üzv oldu, əlaqələri genişləndi, mövqeyi getdikcə möhkəmləndi. Xalqımızın tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Tarixi şəxsiyyət öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmiş, onun uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir.

Ümummilli Liderin dəyişməz siyasi kursu onun ən layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanı qələbələrdən-qələbəyə aparır. 2020- ci ilin noyabrında Ermənistan və onun havadarları üzərində qazanılan tarixi qələbə, 2023-cü ilin sentyabrında isə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuzun Qarabağda apardığı lokal xarakterli antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Hazırda biz tam müstəqil bir dövlətik. Bu gün Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bu, Heydər Əliyev siyasi kursunun Azərbaycan xalqına ən layiqli töhfəsidir.

Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü dahi bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Eyni zamanda, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Ulu Öndər bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru