Biznes

Prezidentin köməkçisi: "Qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq"

Prezidentin köməkçisi: Qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq

Azərbaycan Dövlət Neft Fondundan transferlərin azalmasına baxmayaraq, investisiyalar azalmayacaq.

Bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, büdcənin artımı davam edir, gördüyünüz kimi, büdcə azalmır: "Eyni zamanda, büdcə çərçivəsində Dövlət Neft Fondundan transferlər müəyyən qədər azalır. Bu da Azərbaycanın neft resurslarından daha uzunmüddətli və dayanıqlı istifadəyə keçidinin göstəricisidir. Amma proqramlar davam edəcək, investisiyalar azalmayacaq".

O qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün yeni güzəşt alətlərindən istifadə olunacaq: Ümumiyyətlə, hökumət son illər ərzində çoxlu sayda güzəşt alətləri yaradıb və onların da hamısının son məqsədi Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bütün bu alətlərin əksəriyyəti dövlət büdcəsindən maliyyələşir və birbaşa layihələrə deyil, daha çox sektorun inkişaf etdirilməsi üçün güzəştlərin tətbiqinə yönəldilməsi nəzərdə tutulur. Yəni yenilik daha çox bundan ibarətdir".

Ş. Mövsümov bildirib ki, investisiyaların bir qismi özəl sektor üçün güzəşt alətlərinə yönəldilir: "Büdcə çərçivəsində investisiyalar azalmır, olduğu kimi qalır. Sahələr üzrə – infrastruktur layihələrinə, qeyri-neft sənayesinə, kənd təsərrüfatına və digər sahələrə investisiyalar nəzərdə tutulur. Amma eyni zamanda, vəsaitlərin bir qismi artıq güzəştlərə istifadə olunur. Yəni layihələrə deyil, daha çox özəl sektorun inkişaf etdirilməsi üçün müvafiq güzəşt alətlərindən istifadə olunur. Dövlət Neft Fondunun vəsaitlərinin artması təbii və çox pozitiv faktordur. Bu gün Prezident İlham Əliyev də qeyd edib ki, Azərbaycanın etibarlı tərəfdaş kimi olması və Azərbaycan iqtisadiyyatının dayanıqlığını sübut edən göstəricilərdən biri ehtiyatlarımızın artmasıdır. Yəni ehtiyatların artması çox pozitiv haldır".

Onun fikrincə, amma bu o demək deyil ki, Azərbaycan neft gəlirlərindən istifadə etmir: "Bu gün dövlət büdcəsində, növbəti ildə də 7 milyard ABŞ dolları transfer nəzərdə tutulur. Bu, kifayət qədər böyük bir məbləğdir". (report)