Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib.
Demokrat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev onun sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
"Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi. Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar. Görünür, onlar üçün ən qiymətli iki məsələ var idi: biri Azərbaycan təbiətini tamamilə məhv etmək, ikinci də ən qiymətli santexnika cihazlarını özləri ilə aparmaq. O işğal dövrünün onlar üçün əsas yadigarı yəqin ki, odur", - deyə o qeyd edib.
Bundan başqa, dövlət başçısı deyib ki, ölkənin təbii resursları - qızıl, mis, molibden yataqları talan edilb: "Təbii ki, işğal dövründə Ermənistan dövləti ancaq talançılıqla məşğul idi. Sovet vaxtında isə müəyyən dərəcədə kəşfiyyat işləri aparılıb. Amma o vaxt sovet hökuməti üçün bu bölgə, xüsusilə Azərbaycan bu sahə üzrə prioritet sayılmırdı. Prioritet neft sənayesi sayılırdı. Ona görə bizim bir çox yataqlarımız, yəni perspektivli yataqlarımız bu gün hələ də öz geoloji kəşfiyyat dövrünü gözləyir. Bunun, əlbəttə ki, bu tərəfi müsbətdir. Çünki bu ehtiyatlar bu gün yerin altındadır. Biz bu məsələlərin həlli üçün Dövlət Proqramında çox konkret mexanizmlər tətbiq edəcəyik. Birinci növbədə, işğaldan azad edilmiş ərazilərdə istismarda olan yataqların tezliklə işə salınması məsələləridir. Bunlar, ilk növbədə, Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis, molibden yataqlarıdır. Ağdərə rayonunda artıq işlərə başlanılmışdır. Ümid edirəm ki, yaxın gələcəkdə həm Kəlbəcərdə, həm Zəngilanda da işlərə start veriləcək və beləliklə, mövcud olan, yəni aşkar edilmiş yataqlarda istismar artıq başlanılacaq".
"Eyni zamanda, mövcud yataqları biz tam təhlil edib müasir geoloji üsullarla oradakı ehtiyatları tam dəqiqləşdirməliyik. Çünki sovet dövründə müəyyən rəqəmlər var idi. Amma o dövrdən təxminən 40 il keçib. Həm məlumatlar köhnəlib, həm də bu gün yeni texnologiyalar var ki, heç o vaxt sovet dövründə bu haqda heç kim fikirləşə də bilməzdi. İkinci istiqamət. Nəzərə alsaq ki, bu bölgədə böyük təbii resurslar var. Ehtimal ki, dediyim o rayonların digər bölgələrində, həm qonşu rayonlarda da böyük təbii resurslar var. Bu məqsədlə kəşfiyyat işləri, geoloji kəşfiyyat işləri aparılacaq. Artıq buna da start verildi. Yenə də deyirəm, ən müasir texnologiyalar var. Yəqin ki, bu gün bu barədə bizə məlumat veriləcək", - deyə İ.Əliyev əlavə edib.
Demokrat.az

