Cəmiyyət

Məktəblərimizdəki bu fərq aradan qalxır — Açıqlama

Məktəblərimizdəki bu fərq aradan qalxır — Açıqlama

“Vahid məktəbli formasının tətbiqində əsas məqsəd yalnız şagirdlərin xarici görünüşünü müəyyənləşdirmək deyil, məktəbdə bərabər, nizamlı, təhlükəsiz və təhsil prosesinə uyğun mühit formalaşdırmaqdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzuxan Əlizadə bildirib.

Məktəblərimizdəki bu fərq aradan qalxır — Açıqlama

Onun sözlərinə görə, məktəbli formasının bütün şagirdlər üçün vahid standart yaratması sosial-iqtisadi fərqlərin geyim üzərindən nümayiş etdirilməsinin qarşısını almağa, ayrı-seçkilik risklərini azaltmağa və şagirdlər arasında məktəbə, kollektivə aidlik hissini gücləndirməyə xidmət edə bilər:

“Eyni zamanda, vahid məktəbli forması müəyyən edilərkən şagirdlərin yaş xüsusiyyətləri, sağlamlığı və gündəlik rahatlığı mütləq nəzərə alınmalıdır. Forma praktik, mövsümə uyğun, keyfiyyətli və əlçatan olmalı, dünyəvi və inklüziv təhsil prinsipləri ilə uzlaşmalıdır. Burada məqsəd uşaqlar üçün əlavə narahatlıq və ya maddi yük yaratmaq deyil, onların diqqətini təhsilə yönəldə biləcəyi sağlam məktəb mühiti formalaşdırmaqdır”.

Deputat əlavə edib ki, bu məsələdə məktəb-valideyn əməkdaşlığı da xüsusi əhəmiyyət daşıyır:

“Geyim qaydalarının tətbiqi zamanı valideynlərin və şagirdlərin fikirlərinin nəzərə alınması, tələblərin aydın şəkildə izah edilməsi və bütün məktəblərdə vahid yanaşmanın təmin olunması vacibdir. Düşünürəm ki, düzgün müəyyən edilmiş və praktik şəkildə tətbiq olunan məktəbli forması həm məktəb nizam-intizamının, həm də şagirdlər arasında bərabərlik və kollektivlik hissinin möhkəmlənməsinə töhfə verə bilər”.

Fidan Hacızadə

D
demokrat.az