Maraqlı Özəl

Emosional zəkası yüksək cütlüklər səhərlər “necəsən?” soruşmur: Onun əvəzinə bu sualı verirlər

Emosional zəkası yüksək cütlüklər səhərlər “necəsən?” soruşmur: Onun əvəzinə bu sualı verirlər

Səhərlər cütlüklər arasında adətən gündəlik işlərlə bağlı qısa söhbətlər olur: uşağı kim məktəbə aparacaq, axşam nə bişiriləcək, işdən nə vaxt çıxılacaq və s. Lakin psixoloq Mark Travers münasibətlərdə daha faydalı bir səhər sualının olduğunu bildirir.

Traversin fikrincə,“Necəsən?”sualı əvəzinə qarşı tərəfin həmin gün nə qədər enerjiyə və emosional gücə sahib olduğunu öyrənmək daha faydalıdır.

“Bu gün 60-dəyəm, sən neçəsən?”

Psixoloq bu yanaşmanı“kapasite yoxlaması”adlandırır. Cütlüklər bunu müxtəlif formalarda ifadə edə bilərlər.

Məsələn:

“Bu gün təxminən 60-dəyəm, sən neçəsən?”

“Bu gün yüngül gündür, yoxsa ağır?”

“Enerjin nə vəziyyətdədir?”

“Bu gün özünü hansı hava kimi hiss edirsən?”

Sualın necə verilməsi o qədər də vacib deyil. Əsas məqsəd qarşı tərəfin həmin gün nə qədər gücə sahib olduğunu və ondan nə gözləməyin mümkün olduğunu anlamaqdır.

“Necəsən?” niyə çətin sualdır?

Travers hesab edir ki, səhər tezdən verilən “Necəsən?” sualı göründüyündən daha mürəkkəbdir. Çünki insan həmin anda öz emosional vəziyyətini bütövlükdə analiz edib izah etməli olur.

Bu səbəbdən insanların böyük hissəsi sadəcə “Yaxşıyam” deyərək söhbəti bitirir.

“Kapasite yoxlaması” isə daha sadədir. İnsan özünü 40, 60 və ya 80 bal səviyyəsində qiymətləndirərək vəziyyətini qısa şəkildə ifadə edə bilir.

Bu məlumat isə gün ərzində münasibətlərə təsir edə bilər.

Məsələn, həyat yoldaşınız səhər enerjisinin cəmi 30 faiz olduğunu deyirsə, həmin gün ondan çox şey gözləməmək, bəzi işləri öz üzərinizə götürmək və ya ciddi söhbəti başqa vaxta saxlamaq mümkündür.

Beləliklə, qarşı tərəfin yorğunluğu və ya qısa cavabları yanlış anlaşılmır.

Bu üsul mübahisələrin qarşısını necə alır?

Mütəxəssisə görə, insanların partnyorunun davranışlarını yanlış yozması münasibətlərdə gərginliyin əsas səbəblərindən biri ola bilər.

Məsələn, yorğun insanın sakit davranışı qarşı tərəfə “məndən uzaqlaşır” kimi görünə bilər. Qısa cavab isə “mənə əsəbiləşib” kimi başa düşülə bilər.

Halbuki problemin səbəbi sadəcə yuxusuzluq, yorğunluq və ya ağır iş günü ola bilər.

Səhər keçirilən qısa “kapasite yoxlaması” isə tərəflərə gün ərzində bir-birinin vəziyyətini nəzərə almağa imkan verir.

Mütəxəssis üç qaydanı vacib hesab edir

Traversə görə, bu üsulun həqiqətən işləməsi üçün üç əsas məqam var.

1. Əvvəlcə öz vəziyyətinizi deyin. Partnyorunuzdan soruşmazdan əvvəl öz rəqəminizi paylaşın. Bu, qarşı tərəfin daha rahat və dürüst cavab verməsinə şərait yaradır.

2. Aşağı rəqəmi mübahisə mövzusuna çevirməyin. Əgər həyat yoldaşınız “30” deyirsə, onun niyə 30 olduğunu dərhal sorğu-sual etmək və ya vəziyyətini dəyişməyə çalışmaq lazım deyil.

3. Aldığınız məlumatı davranışınıza əks etdirin.

Əgər qarşı tərəfin enerjisinin aşağı olduğunu bilirsinizsə, bir işi öz üzərinizə götürmək, mübahisəli söhbəti təxirə salmaq və ya həmin gün gözləntilərinizi azaltmaq faydalı ola bilər.

Nəticədə bu sadə sual münasibətlərdə böyük dəyişiklik yarada bilər: tərəflər bir-birinin gününü öz günləri ilə eyniləşdirmək əvəzinə,qarşı tərəfin həmin gün nə qədər “resursa” sahib olduğunu nəzərə almağa başlayırlar. Bəzən sağlam münasibət üçün uzun söhbətlərə ehtiyac olmur. Səhər verilən bir neçə saniyəlik düzgün sual belə günün və münasibətin gedişatını dəyişə bilər.

Leyla Demokrat.az

D
demokrat.az