Cəmiyyət Özəl

Dinşünas süni intellektlə bağlı təhlükədən danışdı

Dinşünas süni intellektlə bağlı təhlükədən danışdı

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, şəriətdə süni intellekt məsələsinə xüsusi önəm verilməsi vacibdir. Onun sözlərinə görə, süni intellektlə bağlı məsələlərin müzakirəsi üçün müftilərin xüsusi görüşünün keçirilməsinə ehtiyac var.

Süni intellektin dini mövzularda, xüsusilə dini sualların cavablandırılmasında istifadəsi də yeni müzakirələrə yol açır. Bu texnologiyanın verdiyi cavablarda yanlış və ya təhrif olunmuş məlumatların yer alması, eləcə də Quran ayələrinin və dini mətnlərin kontekstdən kənar təqdim edilməsi ehtimalı narahatlıq doğurur.

Süni intellektin dini suallara cavab verməsi nə dərəcədə etibarlıdır? Xüsusilə Quran ayələrinin və dini mətnlərin təhrif olunması, yanlış və ya kontekstdən kənar təqdim edilməsi riski varmı?

Dinşünas Tural İrfan Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellektdən istifadə ümumiyyətlə dini mövzularda da çox zəruridir:

“Eyni zamanda bu, din adamları, ruhanilər və din xadimləri üçün də çox vacib və əlçatan bir vasitədir. Təbii ki, onun istifadə qaydaları və metodları tənzimlənməli, müəyyən sərhədlər qoyulmalıdır ki, burada ifrata varma halları baş verməsin. Ən əsası isə istifadə qaydaları müəyyən olunmalıdır.

Məsələn, yaş həddi ilə bağlı müəyyənləşdirmə aparılmalıdır. Uşaqlar hansı yaşdan sonra hansı sualları süni intellektə verə bilərlər? Yaxud din xadimləri aldıqları hansı cavabları fətva qismində həyata keçirə, hansıları isə tövsiyə xarakterli qəbul edə bilərlər? Bu kimi məsələlər müəyyənləşdirilməlidir.

Ümumiyyətlə, süni intellekt şəxs deyil, canlı insan deyil və ona görə də məsuliyyət daşımır. Bu məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Təbii ki, dini sorğu verən şəxs həmin mövzuda ən azı 60-70 faiz məlumatlı olmalıdır. Sadəcə, dəqiqləşdirmədə tərəddüd edərsə, bunu dəqiqləşdirmək üçün süni intellektdən nəsə soruşa bilər. Yoxsa ümumiyyətlə bir mövzu haqqında heç bir məlumatı olmayan adamın süni intellektdən nəsə soruşması və sonra aldığı cavabı bir növ fətva qismində təqdim etməsi və yaxud kimlərəsə göstəriş verməsi yanlışdır. Amma həmin mövzu barədə 60-70 faiz təxmini məlumatı olan şəxs oradan da soruşub əlavə məlumat aldıqda və müəyyən məsələlərdə qaneedici cavab əldə etdikdə, bu, onun həmin mövzu haqqında daha dolğun qənaətə gəlməsinə səbəb ola bilər. Ancaq təxminlərlə, heç bir məlumatı olmadığı bir mövzu haqqında süni intellektdən cavab alan şəxsin həmin cavabı dini hökm və ya fətva kimi önə sürməsi düzgün yanaşma deyil.

Ümid edirəm ki, müasir din xadimləri və müasir müftilər də bu mövzuları, ümumiyyətlə dini məsələləri müasir üsullarla tam araşdırıb onlara kamil şəkildə vaqif olacaqlar və bundan sonra süni intellektdən istifadə edəcəklər. Amma təəssüf olsun ki, indiki din xadimlərinin və müftilərin çoxu çox geridə qalıblar, orta əsrlərdə qalıblar. Ona görə də süni intellektdən onların istifadə etməsi çox xətalı və təhlükəli ola bilər”.

Tural İrfanın fikrincə, bu, süni intellektin problemi deyil, müasirliyin problemi də deyil:

“Bu, din xadimlərinin konservatizmə, mühafizəkarlığa düçar olmasının nəticəsidir. Cəhalət və xurafat zəncirini qıra bilməməyin fəsadlarıdır. Bu baxımdan müəyyən problemlər yarana bilər və yaxşı olar ki, bu metoddan istifadəni öyrənənə qədər din xadimləri və müftilər bu məsələlərdən hələlik istifadə etməsinlər. Tam öyrəndikdən sonra buna əl ata bilərlər. Yoxsa, belə deyək ki, qaş düzəltmək əvəzinə göz çıxara bilərlər. Ona görə də din məsələləri bir qədər həssas məsələdir. İnsanlara yanlış məlumat verib onları ekstremizmə və radikalizmə yönləndirə, hətta uçuruma apara bilərlər. Aralarında təfriqə, nifaq salıb məzhəb qarşıdurması da yarada bilərlər. Din xadimləri çox təhlükəli bir zümrədir. Müəyyən mənada dünyada baş verən qanlı müharibələrin böyük bir hissəsində səbəbkar olanlar din adamları, ruhanilər, din adına çıxış edən şəxslərdir. Süni intellekt də sanki bir silah qismində olan vasitədir. Bundan yaxşı mənada da istifadə etmək olar, mənfi mənada da. Ona görə də din xadimləri, din adamları bu kimi vasitələrdən mənfi istiqamətlərdə də istifadə edə bilərlər. Məsələn, ölkəmizdə bəzi axundlar və din xadimləri var ki, məzhəbçiliyi alovlandırırlar. Axşama kimi məzhəbləri üz-üzə qoymağa, dini ədavət yaratmağa yönəlmiş təbliğat aparırlar. İndi bunlar üçün süni intellekt bir növ asan vasitəyə çevrilə bilər. Oradan xüsusi, yeni metodlar öyrənə və rəqib hesab etdiyi tərəfə qarşı sui-istifadə edə bilərlər. Yaxşı olar ki, Qafqaz Müsəlmanları İdarəsi bu məsələlərlə də məşğul olsun, müstəqil ilahiyyatçıları, azad fikir sahiblərini uzaqlaşdırmasın və onlara qarşı ədavət bəsləməsin, məzhəb intriqalarına son qoysunlar. Birinci özləri düzəlsinlər, ondan sonra kimlərisə düzəltməyə çalışsınlar. Amma nə yazıq ki, bunu biz hələ görmürük.

Ümid edirəm ki, süni intellekt məsələsində də kontekstdən kənar mətnlərin cavab şəklində təqdim olunması kimi detallar deyil, əsas mahiyyət üzrə məsələlər həll olunacaq. Yəni bunlar xırda məsələlərdir: nə sual verdin, nə cavab aldın və s. Bu, sualı verən şəxsin öz mövqeyindən və tutumundan asılıdır. Adam savadlı və düzgün insandırsa, aldığı cavabla təbii ki, qane olmayacaq və onunla da əməl etməyəcək. Amma adamın özü ara qarışdıran, nifaqçı, xurafatçı və mövhumatçıdırsa, bəli, o, həmin vasitələrdən daha da mənfi istiqamətdə istifadə edəcək.

Mən hesab edirəm ki, Allahşükür Paşazadə də, ümumiyyətlə, din adına çıxış edən şəxslər də birinci növbədə süni intellektə qədər mövcud olan problemləri həll etməlidirlər. Ondan sonra artıq bu mərhələyə daxil olmaq olar”.

Fidan Hacızadə

D
demokrat.az