Siyasət Özəl

Bu, artıq yalnız hərbi qarşıdurma məsələsi deyil — Politoloq

Bu, artıq yalnız hərbi qarşıdurma məsələsi deyil — Politoloq

Ukrayna Prezidenti Volodimir Zelenski xarici səfəri zamanı faciənin bir addımlığından dönüb.Ukrayna prezidentinin göyərtəsində olduğu təyyarə Moldovadan havaya qalxarkən pilotsuz uçuş aparatının (PUA) hədəfinə çevrilib.

Siyasi şərhçi Ülviyyə Zülfiqar Demokrat.az-a açıqlamasında bildirib ki, hadisənin bütün detalları barədə araşdırma aparılır:

“Moldova tərəfi PUA təhlükəsi səbəbindən hava məkanını müvəqqəti bağladığını və Zelenskinin təyyarəsinin uçuşunun gecikdirildiyini təsdiqləyib. Amma hadisənin özü çox ciddi təhlükəsizlik problemini ortaya qoyur. Müharibənin davam etdiyi bir regionda pilotsuz uçuş aparatlarının qonşu dövlətlərin hava məkanına keçməsi artıq yalnız Ukrayna və Rusiya arasında hərbi qarşıdurma məsələsi deyil. Bu, mülki aviasiya, xarici nümayəndə heyətləri və dövlət başçılarının səfərləri üçün də real risk yaradır. Belə şəraitdə marşrutların əvvəlcədən qiymətləndirilməsi, hava məkanına nəzarətin gücləndirilməsi və dövlətlər arasında operativ məlumat mübadiləsi həyati əhəmiyyət daşıyır”.

Siyasi şərhçi qeyd edib ki, söhbət müharibə şəraitində olan ölkənin prezidentindən getdiyi üçün təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə təşkili xüsusilə vacibdir:

“Belə bir aparatın prezidentin uçuşunun planlaşdırıldığı vaxt Moldova hava məkanında olması ciddi xəbərdarlıq siqnalıdır. Əsas nəticə budur ki, müharibənin yaratdığı təhlükələr artıq döyüş meydanının sərhədləri ilə məhdudlaşmır və region ölkələri həm siyasi liderlərin, həm də ümumilikdə mülki aviasiyanın təhlükəsizliyini qorumaq üçün daha ciddi tədbirlərə ehtiyac duyurlar”.

Fidan Hacızadə

D
demokrat.az