Maraqlı Özəl

Albalılı tart tortu — Şokoladlı və ləzzətli desert resepti

Albalılı tart tortu — Şokoladlı və ləzzətli desert resepti

Evdə asanlıqla hazırlaya biləcəyiniz, həm görünüşü, həm də dadı ilə seçilən albalılı tart tortu çay süfrəsi üçün ideal seçimdir. Şokoladlı biskvit, qanaj və albalı sousunun birləşməsi desertə xüsusi dad verir.

Demokrat.az 4-6 nəfərlik albalılı tart tortunun hazırlanma qaydasını təqdim edir.

Lazım olan məhsullar

Biskvit üçün:

2 yumurta 5 xörək qaşığı şəkər tozu Yarım çay stəkanı bitki yağı 1 çay stəkanı süd 1,5 xörək qaşığı kakao 2 çay stəkanı un 1 paket qabartma tozu 1 paket vanil

Krem üçün:

200 qram qaymaq 150 qram şokolad

Albalı sousu üçün:

1,5 stəkan çəyirdəksiz dondurulmuş albalı 3 xörək qaşığı şəkər tozu 1 çay qaşığı nişasta Yarım stəkan süd Hazırlanması

Əvvəlcə yumurta və şəkər tozunu mikserlə köpüklənənədək çalın. Süd və bitki yağını əlavə edib qarışdırın. Daha sonra un, kakao, qabartma tozu və vanili əlavə edərək xəmir hazırlayın.

Tart qəlibini yağlayıb xəmiri içinə tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin. Hazır olduqdan sonra soyumağa qoyun.

Qanaj üçün qaymağı qızdırın. Qaynamağa yaxın ocaqdan götürüb doğranmış şokoladı əlavə edin. Şokolad tam əriyənədək qarışdırın.

Albalı sousu üçün nişastanı bir neçə xörək qaşığı su ilə qarışdırın. Albalını və şəkər tozunu qazana əlavə edib zəif odda bişirin. Nişastanı əlavə etdikdən sonra sous qatılaşanadək qarışdırın.

Soyumuş biskvitin üzərinə süd gəzdirərək isladın. Daha sonra şokoladlı qanajı və albalı sousunu üzərinə yayın.

Tortu soyuducuda 2-3 saat saxladıqdan sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Jalə Demokrat.az

D
demokrat.az