Sükan arxasında dinlənilən musiqinin yalnız əhval-ruhiyyəyə deyil, sürücünün davranışına və diqqətinə də təsir etdiyi bildirilir. Araşdırmada xüsusilə yüksək ritmli mahnıların sürücülərin daha sürətli hərəkət etməsinə və diqqətinin yayınmasına səbəb ola biləcəyi qeyd olunub.
Belə musiqilər insanı daha aqressiv və ya sürətli idarəetməyə sövq edə bilərmi?
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən psixoloq Zümrüd Əsədova bildirib ki, musiqi insanın emosional vəziyyətini dəyişir, emosional vəziyyət isə davranışımıza təsir edə bilir:
"Yüksək ritmli, güclü basları olan və insanda həyəcan yaradan musiqi bəzi insanlarda enerjini artıra, hərəkət tempini sürətləndirə bilər. Əgər sürücü onsuz da gərgindirsə, tələsirsə və ya əsəbidirsə, belə musiqi həmin vəziyyəti daha da gücləndirə bilər. Bu zaman insan fərqinə varmadan daha sürətli idarə etməyə, daha kəskin manevrlər etməyə və ətrafına daha az diqqət ayırmağa meylli ola bilər".
Psixoloq qeyd edib ki, bunu "yüksək ritmli musiqi dinləyən hər kəs aqressiv sürür" kimi başa düşmək olmaz:
"Burada insanın xarakteri, həmin andakı emosional vəziyyəti, musiqiyə münasibəti və sürücülük vərdişləri də rol oynayır. Eyni mahnı bir insanda gərginlik yarada bilər, digərində isə sadəcə xoş əhval-ruhiyyə. Sükan arxasında musiqi sevərlərdə məqsəd sadəcə yaxşı musiqi dinləmək yox, öz emosional vəziyyətini də idarə edə bilmək olmalıdır".
Fidan Hacızadə


