Texnologiya Özəl

Ölkənin rəqəmsal təhlükəsizliyində yeni dövr başlayır — Açıqlama

Ölkənin rəqəmsal təhlükəsizliyində yeni dövr başlayır — Açıqlama

Azərbaycanda kibertəhlükələrə qarşı mübarizənin gücləndirilməsi istiqamətində yeni layihə həyata keçirilir. Ölkədə vahid kibertəhlükəsizlik platformasının yaradılması üçün 436 min manat vəsait ayrılması nəzərdə tutulur.

Azərbaycanda vahid kibertəhlükəsizlik platformasının yaradılması hansı kibertəhdidlərin qarşısının alınmasına və vətəndaşların şəxsi məlumatlarının qorunmasına kömək edə bilər?

İT mütəxəssis Əmrah Mövsümzadə Demokrat.az-a açıqlamasında bildirib ki,Azərbaycanda vahid kibertəhlükəsizlik platformasının yaradılması ölkənin rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm addımlardan biri ola bilər:

“Bu cür platformaların əsas üstünlüyü kiber təhdidlərin ayrı-ayrı qurumlar tərəfindən fərdi şəkildə değil, mərkəzləşdirilmiş və koordinasiyalı şəkildə aşkarlanması, təhlil edilməsi və qarşısının alınması imkanının yaranmasıdır. Belə bir platforma ilk növbədə fişinq hücumlarının, zərərli proqramların, ransomware hücumlarının, DDoS hücumlarının, hesabların ələ keçirilməsinin və müxtəlif sosial mühəndislik hücumlarının aşkarlanmasına və qarşısının alınmasına kömək edə bilər. Əyni zamanda şübhəli IP ünvanlarının, domenlərin, elektron poçt ünvanlarının, digər texniki göstəricilərin vahid sistemdə analiz edilməsi yeni hücumların daha erkən mərhələdə müəyyənləşdirilməsi imkanını verə bilir.

Vətəndaşların şəxsi məlumatlarının qorunması məsələsində belə bir sistemin rolu böyükdür. Bu gün kibercinayətkarların əsas hədəflərindən biri istifadəçilərin ad, telefon nömrəsi, elektron poçt ünvanı, şəxsiyyət məlumatları və digər rəqəmsal məlumatlarıdır. Mərkəzləşdirilmiş kibertəhlükəsizlik mexanizmi məlumat sızmalarının daha sürətlə aşkarlanmasına, təhlükə mənbəyinin müəyyən edilməsinə və aidiyyəti qurumların vaxtında xəbərdar edilməsinə şərait yarada bilər.

Lakin burada vacib bir məqam yalnız texnoloji platformanın yaradılması deyil. Sistemin effektivliyi real vaxt rejimində monitorinq, süni intellekt və davranış analitikası, avtomatlaşdırılmış insidentə cavablandırılması, təhlükə məlumatlarının paylaşılması və güclü məlumat mühafizəsi mexanizmləri ilə təmin olunmalıdır.

Xüsusilə şəxsi məlumatların qorunması baxımından platformanın özü də yüksək təhlükəsizlik standartlarına cavab verməlidir. Çünkü kibertəhlükələrlə mübarizə aparan sistemin özünün məlumat sızması və ya icazəsiz giriş üçün hədəfə çevrilməsinə yol verilməzdir. Buna görə məlumatların şifrələnməsi, girişlərin ciddi nəzarətdə saxlanması, audit mexanizmləri, minimal məlumat toplama prinsipi və müntəzəm təhlükəsizlik testləri əsas tələblərdən olmalıdır”.

Mütəxəssis qeyd edib ki, belə bir platforma düzgün qurulduqda yalnız mövcud hücumlara reaksiya verən sistem deyil, həm də potensial kibertəhdidləri əvvəlcədən proqnozlaşdıran və preventiv tədbirlərin görülməsinə imkan verən milli kibertəhlükəsizlik strukturu rolunu oynaya bilər:

“436 min manatlıq investisiyanın nəticəsində əsas məqsəd sadəcə yeni bir informasiya sistemi yaratmaq yoх, dövlət qurumları, biznes və vətəndaşlar arasında kibertəhlükələr barədə məlumat mübadiləsini sürətləndirən, insidentlərə operativ reaksiya verən və ölkənin ümumi rəqəmsal dayanıqlığını artıran ekosistem formalaşdırılmasıdır”.

Fidan Hacızadə

D
demokrat.az