Maraqlı Özəl

Gəlin toyda yığılan 190 min manatı da götürüb qaçdı — FOTO

Gəlin toyda yığılan 190 min manatı da götürüb qaçdı — FOTO

Türkiyənin Muğla vilayətinin Milas rayonunda üç gün üç gecə davam edən dəbdəbəli toyun ardından qeyri-adi hadisə baş verib. Özbəkistan vətəndaşı olan gəlinin toyda taxılan təxminən 4-5 milyon türk lirəsi (təxminən 150-190 min manat) dəyərində qızıl və zinət əşyaları ilə birlikdə yoxa çıxdığı iddia olunur.

Hadisə Milasın Çomakdağ Kızılağaç məhəlləsində baş verib. Bölgənin ənənələrinin geniş şəkildə yaşadıldığı ərazidə təşkil olunan toy üç gün üç gecə davam edib. Türkiyənin müxtəlif bölgələrindən çox sayda qonağın iştirak etdiyi mərasim çərçivəsində ənənəvi yağlı güləş yarışları da keçirilib.

Toyun ertəsi səhəri ailə gəlinin evdə olmadığını görüb. İddiaya görə, yoxlama zamanı mərasimdə gəlinə taxılan qızıl və digər zinət əşyalarının da yerində olmadığı müəyyənləşib.

Ailə Özbəkistan vətəndaşı olan gəlin Mamura Culponovanın toyda taxılan qiymətli əşyaları özü ilə apararaq yoxa çıxdığını iddia edib. İddialara görə, itkin düşən zinət əşyalarının ümumi dəyəri 4-5 milyon türk lirəsi arasındadır.

Hadisənin əvvəlcədən planlaşdırılmış ola biləcəyindən şübhələnən ailə bunun təşkilatlanmış “saxta gəlin” sxemi ilə əlaqəli olduğunu irəli sürüb. Onlar hadisənin beynəlxalq bağlantısının da araşdırılmasını istəyib.

Gəlin toyda yığılan 190 min manatı da götürüb qaçdı — FOTO

Ateşoğlu ailəsi gəlinin və milyonlarla lirə dəyərində qızılların yoxa çıxmasından sonra Milas Baş Prokurorluğuna müraciət edərək şikayət ərizəsi verib.

Prokurorluğun göstərişi ilə Milas Rayon Polis İdarəsinin əməkdaşları araşdırmaya başlayıb. Polis gəlinin yerinin müəyyənləşdirilməsi, zinət əşyalarının taleyinin aydınlaşdırılması və hadisə ilə əlaqəsi ola biləcək şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər həyata keçirir.

Hazırda hüquq-mühafizə orqanları hadisənin fərdi şəkildə, yoxsa əvvəlcədən planlaşdırılmış və təşkilatlanmış formada törədildiyini araşdırır. Ailənin irəli sürdüyü “beynəlxalq saxta gəlin dəstəsi” iddiasının da araşdırma çərçivəsində nəzərdən keçirildiyi bildirilir.

Hadisə ilə bağlı araşdırma davam edir. Gəlinin harada olduğu və yoxa çıxan qızılların aqibəti hələlik məlum deyil.

Demokrat.az

D
demokrat.az