Siyasət Özəl

Tramp “qələbəyə yaxınıq” dedi — Bəs real vəziyyət necədir?

Tramp “qələbəyə yaxınıq” dedi — Bəs real vəziyyət necədir?

ABŞ Prezidenti Donald Tramp İranla bağlı son açıqlamasında Vaşinqtonun münaqişədə qələbəyə yaxın olduğunu bildirib. Trampın sözlərinə görə, ABŞ-nin İrana qarşı hərbi əməliyyatı uğurla davam edir və Vaşinqton qarşıya qoyduğu əsas məqsədlərə nail olur.

Trampın bu açıqlaması ABŞ–İran qarşıdurmasının gedişatı və regiondakı siyasi-hərbi vəziyyətlə bağlı yeni müzakirələrə səbəb olub.

Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, Donald Trampın İranla müharibədə qələbəyə yaxın olmaları ilə bağlı söylədiyi fikirlər, hələlik reallığı əks etdirmir.

Tramp “qələbəyə yaxınıq” dedi — Bəs real vəziyyət necədir?

Onun sözlərinə görə, İran hələ də müqavimət göstərir və Amerika Birləşmiş Ştatları faktiki olaraq öz şərtlərini İrana qəbul etdirə bilmir:

“Bu baxımdan fevral ayından başlayan müharibə fasiləsiz olaraq davam etməkdədir. Yəni biz gah hərbi eskalasiyanın artmasını, gah diplomatik danışıqların aparılmasını, gah da təbliğat savaşını müşahidə etməkdəyik.

Son vaxtlar Amerika Birləşmiş Ştatları hərbi əməliyyatlara çox nadir hallarda baş vursa da, yəni İrandakı müəyyən əraziləri hədəfə götürsə də, Hörmüz boğazının açılması ilə bağlı Amerika müəyyən səylər göstərir və son günlər bu boğazdan neft daşıyan tankerlərin sayının artması və daşınan neft məhsullarının həcminin ciddi şəkildə artması dünya enerji bazarında müəyyən optimizm yaradır.

Trampın İran üzərində qələbə ilə bağlı söylədikləri hələlik reallığı əks etdirmir. Doğrudur, İranın da vəziyyəti kifayət qədər çətindir və xüsusilə də nəzərə alsaq ki, Amerika Birləşmiş Ştatları Hörmüz boğazını əks tərəfdən bağlamaqla İrana blokada tətbiq edib. Bundan başqa, sanksiyalar kifayət qədər sərtləşdirilib və ikinci dərəcəli sanksiyaların tariflərə tətbiq olunması da İranın vəziyyətini çətinləşdirir və bunun İranın bəzi rəsmiləri tərəfindən də etiraf olunduğu bildirilir.

Bu baxımdan Trampın müxtəlif vaxtlarda buna bənzər bəyanatlarını da biz eşitmişik. Amma bu bəyanatları, aralıq seçkilərinə getdiyimiz bir dönəmdə daha çox eşidəcəyik. Çünki Donald Tramp həm də daxili auditoriyaya müəyyən mesajlar verməklə İrandakı müharibədə vəziyyətin heç də kritik olmadığını, Amerikanın orada məqsədlərinə yaxın olduğunu söyləyərək seçicilərin əhval-ruhiyyəsini onun partiyasına, yəni respublikaçılara səs verməyə yönəltməyə çalışır. Çünki aralıq seçkilərində Konqres və Senat seçkilərində qalib gəlmək Tramp üçün çox vacibdir. Əks halda qarşıdakı iki ildə onu kifayət qədər ciddi problemlərin gözlədiyini söyləmək olar. O baxımdan Trampın bir çox açıqlamalarını həm də daxili auditoriyaya hesablanmış açıqlamalar kimi dəyərləndirmək lazımdır”, – deyə Oqtay Qasımov fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az