Azərbaycanda doğum sayının azalması demoqrafik vəziyyətlə bağlı narahatlıqları artırır. 2026-cı ilin ilk yarısında ölkədə 40 798 doğum qeydə alınıb və əhalinin hər 1000 nəfərinə düşən doğum sayı 9-dan 8-ə enib.
Doğum səviyyəsinin artırılması və ailələrin daha çox uşaq sahibi olmasının təşviqi üçün hansı sosial və iqtisadi addımlar atılmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Azərbaycan ictimai-siyasi xadimi, Milli Məclisin VII çağırış deputatı, "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü və Türk Dövlətləri QHT Platformasının Baş katibi, Azərbaycan–Maldiv parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Allahverənov bildirib ki, ölkədə demoqrafik tendensiya müəyyən mənada narahatlıq doğuran statistik göstəriciləri özündə ehtiva edir və zaman-zaman bu məsələ müxtəlif ekspertlər tərəfindən, o cümlədən demoqrafiya sahəsində siyasətin həyata keçirilməsində iştirak edən dövlət qurumlarının nümayəndələri tərəfindən bu və ya digər formada dilə gətirilir.

Onun sözlərinə görə, burada əsas narahatlıq doğuran məqam müəyyən statistik göstəricilərin azalması ilə bağlıdır:
"Xüsusilə də dünyaya gələn uşaqların sayının azalması, bağlanan nikahların sayının azalması və ya boşanmaların sayının çoxalması. Yəni bu tipli məsələlər istər-istəməz ölkənin demoqrafik durumuna bu və ya digər formada təsir edir. Miqrasiya məsələləri də çox ciddi şəkildə özünü göstərməkdədir. İndi bunun müəyyən iqtisadi əsaslarının da olduğu bildirilir. Yəni müxtəlif səbəblər ucbatından demoqrafik sahədə, əhali ilə bağlı narahatlıq doğuran vəziyyət yaranmaqdadır. Və burada təbii artımın templərinə diqqət yetirsək, misal üçün, 1,2 faizdən yuxarı təbii artım olduqda, bu, müəyyən mənada təbii sayıla bilər. Amma bu rəqəmdən aşağı olduqda, ki, indi Azərbaycanda da biz bunun məhz azaldığını görürük, bu, istər-istəməz narahatlıq doğuran məqam kimi dəyərləndirilir. Bəzi ölkələrdə bu, hətta həyəcan təbilinin çalınması üçün də kifayət edir. Amma Azərbaycandakı templərə nəzər saldıqda, bu, bəli, narahatlıq doğuran səviyyədədir. Ona görə də indi aidiyyəti strukturlar bu sahədə müəyyən addımların atılması istiqamətində işlər həyata keçirirlər. İndi dövlət səviyyəsində bir sıra proqramlar var ki, onlar nəticə etibarilə cəmiyyətin müxtəlif əhali qruplarının dəstəklənməsi istiqamətində tədbirləri əhatə edir. Məsələn, gənc ailələrə və mütəxəssislərə müəyyən mənada dəstəyin təmin olunması istiqamətində də işlər var".
Azər Allahverənov əlavə edib ki, bu məsələnin ayrıca dövlət proqramları səviyyəsində diqqət mərkəzində saxlanılmasına və zəruri addımların atılmasına ehtiyac yaranacaq ki, nəticə etibarilə bu da 10, 15, 25 ildən sonra ölkənin demoqrafik mənzərəsində müsbət dəyişikliklərin əldə olunmasına şərait yaratsın:
"Onu həm də miqrasiya ilə çox sıx şəkildə əlaqələndirirlər. Amma istənilən halda, burada kompleks yanaşmanın və daha mütəşəkkil şəkildə bir siyasətin həyata keçirilməsi zərurəti özünü qabarıq şəkildə büruzə verməkdədir. Ayrı-ayrı fəaliyyətlərin vahid mərkəzdən əlaqələndiriləcək şəkildə bir araya gətirilməsinə ehtiyac var. İndi məsələ bundadır ki, daha çox uşağa sahib olunmasının təşviq edilməsi, təbii ki, hökumətin maraqlarına cavab verən və çox vacib bir məsələdir. O baxımdan ki, burada əmək ehtiyatları, ölkə əhalisinin ayrı-ayrı qrupları arasındakı balansın gözlənilməsi, nəsillərarası təmaslar, o cümlədən gələcəkdə pensiya fondu və digər məsələlər baxımından, şübhəsiz ki, qadınlar və kişilər arasında demoqrafik balansın qorunub saxlanılması istiqamətində mühüm işlərin həyata keçirilməsinə çox ciddi ehtiyac var. İndi bu istiqamətdə də, təbii ki, müəyyən təbliğat və təşviqat işləri var. Demək olmaz ki, bu, respublikada yoxdur. Amma biz bir məsələni də yaddan çıxartmamalıyıq ki, burada modellər dəyişir və ailə institutunun özündə də müəyyən transformasiyaların baş verdiyini görürük. Məsələn, bir neçə onillik əvvəl cəmiyyətdə mövcud olan ailə modeli bu gün çox ciddi transformasiya dövrünü yaşamaqdadır. Məsələn, əgər əvvəlki ailələrdə 3-5 uşaq norma sayılırdısa, bu gün artıq bir uşaq, maksimum iki uşaq ailələr üçün norma hesab edilir. Bunun da müxtəlif, o cümlədən qlobal səbəbləri var.
Ailə modelinin dəyişdiyini görürük. Bəzi hallarda da gənc ailələrin daha çox uşağa sahib olmamasına müəyyən iqtisadi səbəblər təsir edir. Və bu baxımdan düşünürəm ki, bizim aidiyyəti qurumlar bu məsələ ilə bağlı zaman-zaman təkliflər irəli sürürlər. Parlamentdə də müəyyən məsələlərlə bağlı fikirlərin səsləndirildiyini görürük. İndi, təbii ki, bu məsələdə ayrı-ayrı dövlət qurumlarının da məsələyə münasibəti və yanaşması, dövlət qurumlarının verəcəkləri rəylər istər-istəməz bu məsələ ilə bağlı yanaşmanın dəyişməsinə gətirib çıxara bilər. Bu gün təbii artım dinamikası bəlkə də həyəcan təbilinin çalınması səviyyəsində olmasa da, müəyyən narahatlıq doğuran məsələlər var. Məsələn, doğum sayının azalmasını həm də nikaha daxilolma yaşının yüksəlməsi ilə əlaqələndirirlər. Çünki daha yuxarı yaşda ailə quran gənclər daha çox bir uşaqla kifayətlənirlər.
Burada ailə institutunun həm modelinin, həm də formalaşma prosesinin dəyişdiyini görürük və bu baxımdan yaş reproduktiv sağlamlıq və digər fizioloji göstəricilər səbəbilə bəzi hallarda hətta həlledici amil ola bilər".
Deputat qeyd edib ki, istənilən halda, məsələ kompleks həllini tapmalıdır və bir məqalə və ya şərh çərçivəsində məsələnin hansısa elementlərini fraqmentar şəkildə dilə gətirmək mümkündür.
"Amma bütövlükdə siyasətin müəyyən olunması üçün, dediyim kimi, kompleks araşdırmaların, dərinləşdirilmiş araşdırmaların və kompleks yanaşmanın sərgilənməsinə ehtiyac var:
Bu əsasda da biz məqsədyönlü bir siyasətin əsas konturlarının nədən ibarət olduğunu görə bilərik. Bu da nəticə etibarilə bütövlükdə demoqrafik sahədə narahatlıq doğuran dinamikanın və ya tendensiyanın aradan qaldırılmasına gətirib çıxara bilər".


