Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir.
Azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb.
Valideyn deyir ki, uşağın davranışlarında qəribəlik hiss etdikdən sonra həkimə müraciət ediblər və analizlərin nəticəsinə əsasən, onun qanında psixotrop tərkibli dərman aşkarlanıb:
“Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı. Ümumiyyətlə, hərəkətlərində çox böyük dəyişiklik hiss etdim.
Müəlliməsindən soruşanda bunun adaptasiya dövrü olduğunu və belə halların normal sayıldığını bildirdi. Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər. Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi. Lakin orada bu qədər uşaq var, adamın ürəyi qəbul eləmir ki, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər”.
--------
19:08
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanmasıiddiasıhaqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib. Bu barədəDövlət Komitəsiməlumat yayıb.
Qeyd edilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb:
"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.
Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək".
--------
15:01
Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası ilə bağlı araşdırma aparılır.
Demokrat.az xəbər verir ki, bu barədə "Report.az"ın sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsindən bildirilib. Xatırladaq ki, sosial şəbəkələrdə bir həftə əvvəl 98 saylı uşaq bağçasına gedən uşaqda qeyri-adi davranışlar müşahidə edildiyi və aparılan analizlər zamanı onun qanında psixotrop dərman maddəsinin olduğu iddia edilib.
Demokrat.az


