Mənzil almaq böyük maliyyə qərarı olduğu üçün alıcı yalnız evin görünüşünə və qiymətinə deyil, sənədlərinə, hüquqi statusuna və texniki vəziyyətinə də diqqət etməlidir. Bəzən mənzil alındıqdan sonra sənədlərlə, kommunal borclarla və ya tikilinin texniki problemləri ilə bağlı müxtəlif çətinliklər ortaya çıxa bilər.
Mənzil alarkən və aldıqdan sonra nələrə diqqət etmək lazımdır?
Hüquqşünas, vəkil Şəbnəm Tağıyeva Demokrat.az-a açıqlamasında bildirib ki, mənzil alqı-satqısı notariat qaydasında rəsmiləşdirilərkən, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 49-cu hissəsinə əsasən, həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslər barədə məlumat notarius tərəfindən müvafiq informasiya sistemləri vasitəsilə əldə edilir:
“Buna görə alıcı müqavilə bağlanarkən mənzildə kimlərin qeydiyyatda olduğunu dəqiqləşdirməlidir. Əgər satıcı və ya digər şəxslər mənzildə qeydiyyatda qalırsa, gələcək mübahisələrin qarşısını almaq üçün alqı-satqı müqaviləsində onların müəyyən müddətdə qeydiyyatdan çıxması ilə bağlı öhdəlik nəzərdə tutula bilər”.
Onun sözlərinə görə, mənzil artıq əldə edildikdən sonra əvvəlki sahib qeydiyyatdan çıxmırsa, yuxarıda göstərilən qaydada səlahiyyətli inzibati orqana, zərurət yarandıqda isə müvafiq məhkəməyə müraciət edilə bilər:
“Eyni zamanda, yeni mülkiyyətçi elektrik enerjisi, qaz və su təchizatı üzrə müqavilə və abonent məlumatlarını öz adına rəsmiləşdirməli, mənzilin əldə edildiyi tarixə kommunal borcların vəziyyətini və sayğac göstəricilərini sənədləşdirməlidir.
Əgər kommunal xidmət göstərən qurum əvvəlki dövrə aid borcun ödənilməsini yeni mülkiyyətçidən tələb edirsə, həmin tələbin hüquqi və müqavilə əsaslarının yazılı şəkildə təqdim olunması tələb edilə bilər”.


