Həyatda elə dövrlər olur ki, əvvəllər sizi qane edən məqamlar belə qəfildən qıcıq doğurmağa başlayır. Belə məqamlarda nəyisə dəyişməyə ehtiyacın olduğunu və ya sadəcə bir qədər nəfəs dərib dincəlməyin kifayət etdiyini anlamaq vacibdir.
Demokrat.az woman.hu-ya istinadən xəbər verir ki, bəzən hər şeyi dəyişmək istəyinin yaranması üçün bir ağır gün kifayət edir. Növbəti münaqişədən sonra münasibətlərin tükəndiyi hiss olunur, çətin keçən iş həftəsindən sonra ərizə yazıb işdən çıxmaq istəyi yaranır, şəhərdə keçən bir neçə aydan sonra isə hər şeyi toplayıb hər şeyin fərqli olacağı başqa bir yerə getmək arzusu baş qaldırır. Belə fikir və hiss hisslər hər zaman qəti qərarın verildiyi anlamına gəlməsa də, onları adi yorğunluq kimi qiymətləndirib görməzdən gəlmək də doğru deyil.
Hər şeyi atmaq istəyinin arxasında müvəqqəti tükənmənin dayandığını, yoxsa bunun mövcud həyatın artıq sizi qane etmədiyindən xəbər verdiyini necə müəyyən etməli? Biznes-psixoloq və icraçı kooç Yuliya Kulikova-Çay həyatı əsaslı şəkildə dəyişə biləcək qərarlar verməzdən öncə nəyə diqqət yetirmək lazım olduğunu açıqlayıb.
Böhran anında niyə hər şeyi eyni anda dəyişmək istəyirik?
Hər şeyi atmaq istəyi nadir hallarda qəfil yaranır. Bunun arxasında aylarla, hətta illərlə davam edən uyğunlaşma prosesi dayanır: insan həddindən artıq gərginliyə dözür, çətin söhbətləri təxirə salır və özünü "indi vaxtı deyil" deyərək inandırır. Gərginlik tədricən toplanır, lakin dərk olunması kəskin baş verir - "artıq bacarmıram" hissi ilə.
Məhz bu məqamda insan psixikası ağrını dayandırmağa çalışır. Bu səbəbdən beyində radikal qərarlar formalaşır: boşanmaq, işdən çıxmaq, köçmək. Bu impuls vacibdir - o, əvvəlki həyat tərzinin artıq işləmədiyini xəbər verir. Lakin uzaqlaşmaq istəyinin güclü olması problemin dəqiq mənbəyinin tapıldığını sübut etmir.
"Gitmək istəyi ağrıdan xəbər verən siqnaldır, lakin hazır marşrut deyil. Stressin pik həddində insan neqativdən azad olmaq istədiyini yaxşı anlayır, lakin bunun əvəzinə tam olaraq neçə bir həyat quracağını daha dumanlı görür", - deyə ekspert bildirir.
Problemin dörd səviyyəsi: Dəqiq nəyin dəyişdirilməsinə ehtiyac var?
Yorğunluğu münasibətlərin sonu ilə, pis rəhbəri sevilməyən peşə ilə, tənhalığı isə "uyğun olmayan şəhər"lə qarışdırmamaq üçün problemin səviyyəsini müəyyən etmək faydalıdır:
1. Psixoloji və fiziki vəziyyət: İnsan mənəvi baxımdan tükənib, xroniki yuxusuzluqdan əziyyət çəkir və daimi təşviş içində yaşayır. Bu zaman qıcıqlanma hər şeyə şamil olunur: həyat yoldaşı dözülməz, iş isə mənasız görünür. Belə hallarda ilk növbədə resursları bərpa etmək və psixoloji vəziyyəti qiymətləndirmək lazımdır. Çünki yorğunluq bütün həyatı bir səhv kimi göstərə bilər. 2. Şərtlər və qaydalar: İşin özü, münasibətlər və ya yaşanılan şəhər insan üçün dəyərli ola bilər, lakin onların daxilindəki mövcud həyat tərzi dözülməz həddə çatıb. Problem nikahda deyil, öhdəliklərin bərabər bölünməməsindədir; peşədə deyil, rəhbərlikdə və ya daimi əlçatan olmaq tələbindədir. Bu zaman münasibət formatını, sərhədləri və qaydaları dəyişmək lazımdır. 3. Sistem: Tərəf müqabili sistemli şəkildə sizi kiçildir və problemi etiraf etməkdən imtina edir. Təşkilat xroniki gərginlik və qorxu üzərində qurulub. Yaşayış yeri lazımi səhiyyə və ya təhsil imkanlarına çıxış vermir. Şərtləri dəyişmək cəhdləri nəticə vermirsə, ayrılmaq və ya uzaqlaşmaq məsələsi emosional deyil, reallığa əsaslanan qərara çevrilir. 4. Həyatın istiqaməti: Xarici görünüşcə hər şey qaydasındadır, lakin insan 20 il əvvəl seçdiyi hədəflərlə yaşadığını və artıq özünü bu həyatda tanımadığını fərq edir. Bu, hər şeyi dağıtmaq lazımdır demək deyil, lakin dəyərlərə yenidən baxılmasını tələb edir.
"Bəzən münasibətləri, işi və ya şəhəri deyil, insanın yaşamaq üçün tətbiq etdiyi qaydaları dəyişməsi kifayətdir. Lakin dəyişən yalnız vədlərdirse və davranış eyni qalırsa, bu da özlüyündə bir cavabdır", - deyə psixoloq vurğulayır.
Böyük qərardan əvvəl özünüzə verməli olduğunuz beş sual
Bu suallara münaqişədən və ya yuxusuz gecədən dərhal sonra deyil, sakit mühitdə və yazılı şəkildə cavab vermək tövsiyə olunur:
* Problem lokal, yoxsa qlobal xarakter daşıyır? Əgər heç nə sevindirmirsə, yuxu pozulubsa və ümidsizlik hissi davam edirsə, mütəxəssis məsləhəti vacibdir. Depressiya fonunda mənfi qiymətləndirmə həyatın bütün sahələrinə yayıla bilər. * Tam olaraq nə dözülməz hala gəlib? Ümumi şəkildə "həyat yoldaşı" və ya "iş" deyil, konkret olaraq: təhqir, yaxınlığın olmaması, istirahət edə bilməmək, yoxsa mənasız tapşırıqlar? Problem dəqiq adlandırılmadıqca, həll yolu da yanlış olacaq. * Resurslar bərpa olunduqdan sonra nə dəyişəcək? Yaxşıca yatsanız, məzuniyyət götürsəniz və gərginliyi azaltsanız, uzaqlaşmaq istəyi zəifləyir, yoxsa eyni qalır? Əgər dəyişmirə, qərara daha ciddi yanaşmaq lazımdır. * Situasiya dəyişməyə qadirdirmi? Konkret razılaşmalar və addımlar olubmu? Yoxsa hər söhbətdən sonra vədlər verilir və hər şey yenidən əvvəlki vəziyyətinə qayıdır? * Dəyişiklikdən sonrakı həyatı təsəvvür edə bilirsinizmi? Yalnız "artıq belə istəmirəm" deyil, həm də "bundan sonra necə yaşamaq istəyirəm" sualına cavab varmı? Yetkin qərar yalnız çıxış yolunu deyil, növbəti mərhələni də əhatə edir.
Qərar artıq formalaşdıqda
Hər vəziyyəti sonsuzadək təhlil etməyə ehtiyac yoxdur. Təhdidlər, zorakılıq və uşaqlar üçün təhlükə ilk növbədə müdafiə olunmağı tələb edir. Dialoqdan sabit şəkildə imtina edən şəxsə və ya sistemə illərlə aydın həqiqətləri sübut etməyə dəyməz.
Digər hallarda, qərar aşağıdakı üç sınaqdan keçərsə, onu yetkin hesab etmək olar:
1. Qərar yalnız emosiyaların pik həddində deyil, sabit şəkildə qorunub saxlanılır; 2. İnsan problemin dəqiq səbəbini anlayır; 3. Fərd nəticələri və növbəti addımı aydın təsəvvür edir.
Bəzən həqiqətən boşanmaq, işdən çıxmaq və ya köçmək lazımdır. Lakin keyfiyyətli qərar yalnız yorğunluqdan yaranmıq. İnsan hansı problemin həll olunmadığını, hansı cəhdlərin artıq edildiyini və dağıdılanın əvəzinə nə inşa edəcəyini dəqiq dərk edir.
"Аrtıq belə istəmirəm” ifadəsi dəyişikliklərə qapı açır. Lakin əsas suala - “məhz necə yaşamaq istəyirəm?” sualına yalnız daxili aydınlıq cavab verir", - deyə Yuliya Kulikova-Çay yekunlaşdırır.
Jalə Demokrat.az


