Türkiyəli müğənni Murat Dalkılıç musiqi sektorunda artan xərclərdən danışıb.
Dalkılıç qonaq olduğu YouTube proqramında karyerası və şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. O, son bir ildə verdiyi konsertlərdən gəlir əldə edə bilmədiyini, əksinə, xərcləri qarşılamaq üçün şəxsi vəsaitindən istifadə etdiyini bildirib.
“26 ildir gecə həyatı ilə məşğulam. Həyatımın yarısını Çeşmə və Bodrumdan qazanmışam. Son bir ildə 30 konsert verdim. İlk dəfədir ki, pul qazanmaq əvəzinə öz cibimdən pul verdim”, – deyə müğənni bildirib.
Sənətçi artan təşkilati və komanda xərclərinin konsert sektoruna ciddi təsir etdiyini vurğulayıb.
“Məsrəflər o qədər artıb ki, hazırda Türkiyədə konsert vermək utopik bir fikirdir”, – Dalkılıç deyib.
İstanbul Beykent Universitetinin Gözəl Sənətlər Fakültəsinin Aktyorluq ixtisasını bitirən Dalkılıç aktyorluq karyerası ilə bağlı da etiraf edib.
O, vaxtilə dostlarının layihələrində və komediya filmlərində ödənişsiz rol aldığını, nəticədə aktyorluq sahəsində davamlı karyera qura bilmədiyini söyləyib.
“Əslində, buradan bir karyera yarada bilərdim. Sonradan ‘Çox gözəl ola biləcək bir şeyi qaçırmışam’ dedim”, – deyə sənətçi bildirib.
Dalkılıç 2016-cı ildən etibarən prodüserlik fəaliyyətinə yönəldiyini və özünü bu sahədə daha istedadlı hesab etdiyini bildirib.
“Bu, həyatda ən böyük istedadımdır. Mən ən yaxşı ideyanı ən gözəl şəkildə qururam, sonra onu ən yaxşı şəkildə həyata keçirə biləcək insanlara həvalə edirəm”, – deyə o qeyd edib.
Özgü Kaya ilə münasibətinin başlanğıcını danışdı
Murat Dalkılıç aktrisa Özgü Kaya ilə münasibətinin necə başladığını da açıqlayıb.
Sənətçinin sözlərinə görə, cütlüyün münasibəti Suadiyədə dost kimi görüşdükləri zaman başlayıb.
“Gecə ora dost kimi getmişdik. Söhbət edərkən ‘Görəsən, aşiq oluram?’ deyə düşünməyə başladım. Çox səviyyəli şəkildə girdiyimiz həmin məkandan gecənin sonunda əl-ələ çıxdıq”, – Dalkılıç deyib.
Leyla Demokrat.az


