Tikinti materialları və əmək xərclərinin bahalaşması tikinti sektorunda xərclərin artmasına və nəticə etibarilə yeni layihələrin maya dəyərinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə taxta, çınqıl kimi materialların, eləcə də usta və fəhlə xidmətlərinin qiymətində artım tikinti şirkətlərinin xərclərinə təsir göstərməklə mənzil və fərdi evlərin qiymətlərində də özünü göstərə bilər.
Bəs tikinti xərclərinin artması mənzil və fərdi evlərin qiymətlərinə nə dərəcədə təsir edə bilər?
Demokrat.az-a bu barədə açıqlama verən əmlak eksperti Anar Nəsirov bildirib ki, tikinti materiallarının bahalaşması, əsasən də tikinti üçün çox vacib və geniş istifadə olunan materialların, yəni istər taxtanın, istərqumun, istər çınqılın, istər betonun, istərsə də sementin qiymətinin artması tikintiyə birbaşa təsir göstərir.

Onun sözlərinə görə, bu, yeni tikililərdə mənzil qiymətlərinin artmasına səbəb olur:
“Digər tərəfdən, ustaların və fəhlələrin əməkhaqlarının artması da birbaşa tikintinin maya dəyərinə təsir göstərir. Məsələn, dünənə qədər tikintinin hər kvadratmetrinin maya dəyəri 700 manat idisə, əlavə xərclər yarandıqda bu rəqəm 750 və ya 800 manata qədər yüksələ bilər. Bu, sadəcə nümunə olaraq qeyd etdiyim rəqəmlərdir.
İstər yeni binaların, istərsə də fərdi həyət evlərinin smeta dəyəri olur. Layihənin smeta dəyəri əvvəlcədən hesablanır: nə qədər sement, daş, çınqıl, taxta, armatur və digər materialdan istifadə olunacağı müəyyənləşdirilir. Daha sonra həmin materialların bazardakı qiymətləri nəzərə alınaraq tikintinin ümumi maliyyə xərcləri hesablanır.
Bu nöqteyi-nəzərdən, əgər tikinti başladıqdan sonra materialların qiymətində artım müşahidə olunarsa, bu, birbaşa həmin evin və ya binanın tikinti xərclərinin artması deməkdir. Bu da öz növbəsində istər-istəməz yeni binanın və ya həyət evinin satış qiymətinə təsir göstərir.
Çünki burada əsasən tikintidə daha çox istifadə olunan materiallardan söhbət gedir. Bunlara qum, çınqıl, sement, armatur, taxta və digər əsas tikinti materialları daxildir. Bu materiallar tikintinin əsas hissəsini təşkil etdiyi üçün onların qiymətinin artması, eləcə də usta və fəhlələrin əməkhaqlarının yüksəlməsi birbaşa tikintinin maya dəyərinə təsir edir.
Digər tərəfdən, tikintidə daha az istifadə olunan materialların qiymətində artım olarsa, bunun təsiri nisbətən az ola bilər. Amma əsas və geniş istifadə olunan materialların qiymətində artım tikinti xərclərini əhəmiyyətli dərəcədə yüksəldə bilər.
Tikintinin maya dəyəri artdıqda, bu, təbii olaraq bazara da təsir göstərir. Əgər bina və ya həyət evi satış üçün nəzərdə tutulubsa, tikinti şirkəti və ya sahibkar artan xərcləri nəzərə alaraq satış qiymətini də yüksəltməyə məcbur olur. Çünki sahibkar tikintiyə çəkdiyi xərclərin üzərinə müəyyən mənfəət payı əlavə edərək mənzil və ya tikinti obyektini bazara çıxarır.
Dövlətin tikinti xərclərinin artmasının qarşısını alması məsələsinə gəldikdə isə bunu süni yollarla həyata keçirmək mümkün deyil. Sahibkar mənzil və ya tikinti obyektini bazarda sərbəst şəkildə təklif edir.
Dövlət isə bu istiqamətdə qabaqlayıcı tədbirlər görə bilər. Məsələn, armaturun idxalını artırmaq, qum və sement kimi əsas tikinti materiallarının bazara daha çox çıxarılmasını təmin etmək, bu sahədə dövlət şirkətləri və ya digər şirkətlər vasitəsilə tenderlər təşkil etmək və tikinti materiallarının bazara daha çox daxil olmasına şərait yaratmaq mümkündür.
Amma usta və fəhlələrin əməkhaqqı ilə bağlı xərclərin azaldılmasına dövlətin birbaşa müdaxilə etməsi mümkün deyil”, - deyə ekspert fikrini tamamlayıb.


