Kriminal Özəl

"Seyid" olduğu üçün maşına mindirdiyi şəxs sürücünün başına oyun açdı

Seyid olduğu üçün maşına mindirdiyi şəxs sürücünün başına oyun açdı

Bakının Qaradağ rayonunda 37 yaşlı kişi oğurluq etməkdə ittiham edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vaqif Əliyev Qaradağ rayonunda yerləşən “Binə” Ticarət Mərkəzinin yaxınlığında əl edərək zərərçəkmiş şəxsin idarə etdiyi avtomobilə əyləşib.

Həmin vaxt Vaqif Əliyev mobil telefonu internetə qoşmaq bəhanəsi ilə zərərçəkmiş şəxsin mobil telefonunu bir neçə dəfə ondan alıb və müxtəlif əməliyyatlar edərək onun mobil telefonunda olan bank mobil tətbiqi vasitəsilə özünə məxsus bank kartı hesabına 700 manat məbləğində pul köçürməklə oğurluq edib.

Vaqif Əliyevin barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (oğurluq elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vaqif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsin bank kartından 700 manat məbləğində pulu oğurlamayıb, həmin pulu borc məqsədilə öz kart hesabına göndərib:

“Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” bazarında fəhlə kimi işləmişəm. “Meyvəli” bazarında işlədiyim zaman zərərçəkmişi tanımışam. Əvvəllər onunla birlikdə işləmişəm”.

Təqsirləndirilən şəxs deyib ki, Salyan rayonuna zərərçəkmiş şəxsin idarə etdiyi yük avtomobili ilə yola düşüblər:

“Zərərçəkmiş şəxs telefonunun kilid nömrəsini mənə dedi və bu vasitə ilə telefondan istifadə edə bildim. Həmin vaxt zərərçəkənin öz istəyi ilə ona məxsus telefonda olan bank mobil tətbiqi vasitəsilə özümə məxsus bank kartı hesabıma Qaradağ rayonunun Ələt qəsəbəsində 700 manat məbləğində pul köçürdüm. Bu hadisələr baş verdikdən təxminən 1 həftə sonra insult keçirdim və təxminən 1 aydan çox müddət fərdi əməklə məşğul olmaq imkanım olmadı”.

Təqsirləndirilən şəxs deyib ki, daha sonra zərərçəkmiş şəxslə aralarında mübahisə olub və zərərçəkən ondan pulunu tələb edib:

“Lakin pulum olmadığına görə onun 700 manat məbləğində pulunu qaytarmaq imkanım olmadı. Anam xəstə olduğundan əməliyyata ehtiyacı olub və anamın əməliyyat xərcini qarşılamaq üçün zərərçəkmiş şəxsdən 700 manat məbləğində pulu borc məqsədilə almışam. Onun kart hesabında həmin vaxt təxminən 2100 manat məbləğində pul olub. Oğurluq niyyətim olmadığı üçün kart hesabında olan pulun hamısını yox, sadəcə 700 manatını öz kart hesabıma göndərmişəm. Anam xəstədir, iki azyaşlı övladım var, biri qan xərçəngindən əziyyət çəkir, bir övladımı itirmişəm. Zərərçəkmiş şəxs şikayətçi deyil”.

Zərərçəkmiş ifadəsində bildirib ki, təqsirləndirilən Vaqifi əvvəllər tanımayıb, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur:

“Mən Bakı-Naxçıvan marşrutu üzrə yük daşımaları ilə məşğul oluram. 2024-cü ildə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmək məqsədilə idarə etdiyim yük avtomobili ilə yola düşdüm. Bakı-Qazax-Ələt magistral yolu ilə hərəkət edərkən “Binə” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “SOCAR” yanacaqdoldurma məntəqəsində Vaqifi gördüm. Vaqif məndən özünü Salyan rayonuna aparmasını istədi. Bununla razılaşaraq Vaqifi avtomobilimə mindirdim. Avtomobilimə minməsinə icazə verərkən Vaqif özünü mənə “Mirvahid” kimi tanıtdı və seyid olduğunu bildirdi. Mən isə Vaqifin seyid olduğunu düşünərək ona inandım və avtomobilimə minməsinə icazə verdim”.

Zərərçəkmiş qeyd edib ki, yolda olarkən Vaqif Əliyevlə ünsiyyətləri olub:

“Daha sonra xəbərim olmadan Vaqif mənim telefonumu götürdü, yaşımı və telefonun kilid nömrəsini öyrənərək bank mobil tətbiqimə daxil oldu və mənə məxsus bank kartından özünə məxsus bank kartına 700 manat məbləğində vəsait köçürdü. Vaqiflə ünsiyyətimiz zamanı o, mənə telefon nömrəsini dedi. Onu rayon ərazisində körpü olan hissədə ünvana çatdırdım və ayrılaraq getdi. Naxçıvan Muxtar Respublikası ərazisinə çatdıqda telefonumun internet paketi bitdi. Telefonuma internet yüklədikdən sonra gördüm ki, mənə məxsus bank kartından 700 manat məbləğində vəsait özünə məxsus bank kartına köçürülüb”.

Zərərçəkmişin sözlərinə görə, bununla bağlı Vaqifin mobil telefon nömrəsinə zəng edib və telefonda aralarında mübahisə olub: “Vaqifdən 700 manat məbləğində pulun heç olmasa, 500 manatını geri qaytarmağını istədim. Vaqif həmin vaxt mənə heç bir ödəniş etmədi. Mən isə Daxili İşlər Nazirliyinin “102” xidmətinə mobil telefonumdakı bank kartımdan 700 manat məbləğində vəsaitin gizli formada oğurlanması barədə məlumat verdim”.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Vaqif 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Fariz Məlikli

D
demokrat.az