Maraqlı Özəl

Kişilərdə sinənin böyüməsinə səbəb ola bilən dərmanlar açıqlandı

Kişilərdə sinənin böyüməsinə səbəb ola bilən dərmanlar açıqlandı

Bəzi dərman preparatlarının kişilərdə süd vəzilərinin böyüməsinə, yəni ginekomastiyaya səbəb ola biləcəyi bildirilir.

Demokrat.az xəbər verir ki, bu barədə gazeta.ru-ya plastik cərrah və androloq Mixail Pavlyuk danışıb.

Onun sözlərinə görə, son illərdə kişilər arasında bu problemlə müraciət edənlərin sayı artır. Mütəxəssis bunu piylənmənin geniş yayılması, əhalinin yaşlanması, hormonal balansı dəyişdirə bilən dərmanlardan daha çox istifadə olunması və diaqnostikanın yaxşılaşması ilə əlaqələndirir.

Ginekomastiya süd vəzilərində vəzili toxumanın böyüməsi nəticəsində sinənin həcminin artmasıdır. Həkimin sözlərinə görə, buna səbəb ola bilən preparatlar arasında ilk növbədə spironolakton adlı sidikqovucu dərman yer alır.

Bundan başqa, prostat vəzinin adenoması və saç tökülməsinin müalicəsində istifadə olunan finasterid və dutasterid, eləcə də bəzi təzyiq və ürək ritmi pozğunluqlarına qarşı preparatlar da ginekomastiya riskini artıra bilər. Həkim bu qrupa kalsium kanal blokerlərini, digoksini və bəzi AÇF inhibitorlarını aid edib.

Mədə xorası və reflüksün müalicəsində istifadə edilən bəzi preparatlar, xüsusilə simetidin, də bu təsirlə əlaqələndirilir. Antipsixotik dərmanlardan haloperidol və risperidon da risk yarada bilən preparatlar sırasında göstərilib.

Həkim həmçinin antidepressantların da bu siyahıya daxil olduğunu bildirib. Onun sözlərinə görə, əlaqə xüsusilə köhnə nəsil trisiklik antidepressantlarda daha aydın müşahidə olunur. Müasir selektiv serotonin geri alım inhibitorlarında (SSRI) risk daha aşağı olsa da, ayrı-ayrı ginekomastiya halları qeydə alınıb.

Mütəxəssislər qeyd edirlər ki, bu cür yan təsirlərin yaranması hər dərmanı qəbul edən şəxsdə baş vermir. Hər hansı preparatın istifadəsini özbaşına dayandırmaq əvəzinə, mümkün yan təsirlər barədə həkimlə məsləhətləşmək lazımdır.

Jalə Demokrat.az

D
demokrat.az