Siyasət Özəl

“Ermənistan KTMT-dən çıxarsa, Rusiyanın Cənubi Qafqazda istinad nöqtəsi qalmayacaq” — Politoloq

“Ermənistan KTMT-dən çıxarsa, Rusiyanın Cənubi Qafqazda istinad nöqtəsi qalmayacaq” — Politoloq

Ermənistanın KTMT-də iştirakı faktiki olaraq dondurulsa da, təşkilatın baş katibi Taalətbek Masadikov son açıqlamasında Ermənistanı hələ də müttəfiq hesab etdiklərini və Yerevanla əməkdaşlığın tam bərpası ilə bağlı məsələləri müzakirə etməyə hazır olduqlarını bildirib.

Bu açıqlama fonunda Ermənistanın KTMT ilə gələcək münasibətləri yenidən gündəmə gəlib. Bununla belə, Paşinyan daha əvvəl 2026-cı ildə KTMT-də fəaliyyətin bərpası üçün addım atılmayacağını bildirmişdi.

“Ermənistan KTMT-dən çıxarsa, Rusiyanın Cənubi Qafqazda istinad nöqtəsi qalmayacaq” — Politoloq

Bəs KTMT-nin Ermənistana əməkdaşlığın bərpası ilə bağlı mesaj verməsi fonunda Paşinyan hökumətinin təşkilata münasibətində dəyişiklik gözlənilirmi? Ermənistanın KTMT ilə münasibətləri bərpa etməsi nə dərəcədə realdır və belə bir addım Cənubi Qafqazda, xüsusilə də Azərbaycan-Ermənistan münasibətlərində hansı geosiyasi dəyişikliklərə səbəb ola bilər?

Politoloq Elçin Xalidbəyli Demokrat.az-a açıqlamasında deyib ki, Paşinyan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyi sabit və prinsipialdır.

Onun sözlərinə görə, müşahidələr göstərir ki:

“Həm Rusiya, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın yenidən bu qurumda öz fəaliyyətini bərpa etməsini istəyirlər. Hətta rəsmi İrəvana hədələyici bir mesaj da verilib ki, yaxın aylarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı ilə bağlı yekun qərarın verilməsi lazımdır. Ermənistan seçim etməlidir: ya Qərbə yaxınlaşma kursunda davam etməlidir, ya da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini bərpa etməlidir. Əks halda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında səsvermə hüququndan məhrum ediləcək, ilin sonunda da həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də Avrasiya İqtisadi İttifaqından xaric oluna bilər.

Ermənistanın baş naziri Nikol Paşinyan artıq bu hədələyici mesaja cavab verib və bildirib ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini bərpa etmək niyyəti yoxdur. Yəni rəsmi İrəvan indiki mövqeyini dəyişməyə hazırlaşmır. Bu da o deməkdir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı yekun qərarını artıq verib və Rusiyanın patronajlığı altında olan hərbi təhlükəsizlik sistemində təmsil olunmaq istəmir.

Avrasiya İqtisadi İttifaqı ilə bağlı da Ermənistanın mövqeyi müəmmalıdır. Burada da Paşinyan bəyan edib ki, indiki situasiyada Ermənistana həm Qərbə yaxınlaşma siyasəti, yəni həm Avropa Birliyinə üzvlük prosesinin davam etdirilməsi, həm də Avrasiya İqtisadi İttifaqında fəaliyyətin davamı Ermənistan üçün indiki situasiyada vacibdir. Ancaq gələcək perspektiv baxımından Ermənistan Avrasiya İqtisadi İttifaqında fəaliyyətini davam etdirməyi düşünmədiyini eyham vurur və bütövlükdə Qərbə yaxınlaşma siyasətini prioritet elan edib”.

Politoloq əlavə edib ki, Ermənistanın bütün təzyiqlərə baxmayaraq Rusiyanın patronajlığı altında olan bu iki qurumda davam etmək niyyəti yoxdur:

“Ancaq yalnız Ermənistanı düşündürən əsas məsələ odur ki, Avrasiya İqtisadi İttifaqından vaxtından əvvəl xaric olunmasın. Çünki Ermənistanın iqtisadiyyatı, xüsusilə də kənd təsərrüfatı üçün Rusiya bazarlarına, eləcə də Avrasiya İqtisadi İttifaqında təmsil olunan ölkələrin bazarlarına alternativ bazarlar hələlik mövcud deyil. Ona görə də Ermənistan vaxt qazanmağa çalışır ki, bu qurumdan çıxdıqdan sonra alternativ bazarlar əldə etməyə nail olsun.

Yəni anlaşılan ondan ibarətdir ki, Ermənistan Qərbə yaxınlaşma siyasətində israrlı mövqe tutmaq niyyətindədir və bu da Cənubi Qafqazda hərbi təhlükəsizlik sisteminin transformasiyası deməkdir. Rusiya üçün Ermənistan yeganə forpost rolunu oynayırdı. Əgər Rusiya Ermənistanı itirərsə və Ermənistan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxarsa, bu o deməkdir ki, Rusiyanın Cənubi Qafqazda istinad nöqtəsi demək olar ki, qalmayacaq. Və nəticədə Cənubi Qafqaz uğrunda Qərb və Rusiya arasında gedən rəqabətdə Qərb, xüsusilə də Amerika Birləşmiş Ştatları və Avropa Birliyi təşəbbüsü ələ keçirmiş olacaq. Bu baxımdan hesab etmək olar ki, yaxın gələcəkdə Cənubi Qafqazda həm geosiyasi, həm geoiqtisadi, həm də geostrateji proseslər məhz Rusiyanın iştirakı olmadan davam edə bilər”, - deyə Elçin Xalidbəyli fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az