Cəmiyyət Özəl

Alimlər mahnılarda dinləyicilərə ən çox təsir edən sözləri müəyyənləşdirdi

Alimlər mahnılarda dinləyicilərə ən çox təsir edən sözləri müəyyənləşdirdi

Alimlər 35 il ərzində hit olan mahnıların sözlərini təhlil edərək müəyyənləşdiriblər ki, dinləyicilərə ən çox insan yaxınlığı və insanlar arasındakı əlaqədən bəhs edən mahnılar təsir edir. Bu mövzular hit-paradlara daxil olan mahnıların 73 faizində yer alıb.

Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Psychology of Music" jurnalında dərc olunub.

Tədqiqatçılar 1988-2023-cü illər ərzində Avstraliyanın ARIA hit-paradlarının ilk onluğuna daxil olmuş 360 fərqli mahnını araşdırıblar. Mahnı sözləri məzmun təhlili və alimlərin hazırladığı MuseAI süni intellekt alətindən istifadə edilməklə təhlil edilib. Qiymətləndirmə üç əsas psixoloji tələbat – muxtariyyət, səriştəlilik və digər insanlarla əlaqə – əsasında aparılıb.

Məlum olub ki, bu tələbatların təmin edilməsindən bəhs edən mahnılar onların təmin olunmamasından bəhs edən mahnılardan daha çox olub: müvafiq olaraq təxminən 47 faiz və 25 faiz.

Ən çox insanlarla əlaqə və yaxınlıq mövzusu üstünlük təşkil edib. Muxtariyyət motivlərinə mahnıların 15,6 faizində, səriştəlilik motivlərinə isə 11,4 faizində rast gəlinib.

Müxtəlif musiqi janrlarında fərqli mövzular ön plana çıxıb. Hip-hop mahnılarında nailiyyət və səriştəlilik mövzularına daha çox rast gəlinib. Daha alternativ musiqi nümunələrində isə yaxınlıq ehtiyacının təmin olunmaması ilə bağlı motivlər üstünlük təşkil edib.

"Musıqi milyardlarla insanın həyatını müşayiət edir. Buna görə də mahnı sözlərində məhz nəyin emosional reaksiya yaratdığını anlamaq vacibdir", deyə Suinbern Texnologiya Universiteti və Melburn Universitetinin alimləri qeyd ediblər.

Tədqiqatçıların qiymətləndirməsinə görə, dünyada təxminən 5,7 milyard insan musiqiyə qulaq asır. Bu isə müəyyən edilmiş qanunauyğunluqları böyük auditoriya üçün əhəmiyyətli edir.

Jalə Demokrat.az

D
demokrat.az