Onlayn alış-verişin və beynəlxalq göndərişlərin artması ilə karqo və poçt xidmətlərindən istifadə edənlərin sayı da sürətlə çoxalır. Lakin bəzi hallarda daşınma zamanı bağlamaların itməsi, zədələnməsi və ya sənədlərə zərər dəyməsi istehlakçılar üçün ciddi problemlər yaradır. Belə vəziyyətlərdə şirkətlərin hansı məsuliyyət daşıdığı, istehlakçıların kompensasiya tələb etmək hüququnun hansı hallarda yarandığı və hüquqlarını necə qoruya biləcəyi aktual məsələlərdən biridir.
Bəs karqo və ya poçt şirkətinin daşınma zamanı müştərinin əmlakına və ya sənədlərinə zərər vurduğu hallarda qanun istehlakçını necə qoruyur? Şirkətin məsuliyyəti hansı həddədir və kompensasiya almaq üçün hansı hüquqi addımlar atılmalıdır?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Demokrat.az-a açıqlamasında bildirib ki, mülki müqavilə münasibətlərinin əsas mahiyyəti ondan ibarətdir ki, tərəflər öz aralarında yazılı və ya elektron qaydada müqavilə bağlamaqla qarşılıqlı hüquq və öhdəliklər müəyyən edirlər.

Onun sözlərinə görə, həmin müqavilə əsasında satıcı, xidmət göstərən şəxs və ya daşıyıcı müəyyən öhdəliklər götürür, müştəri isə həmin xidmət və ya məhsulun dəyərini ödəməklə müqavilənin digər tərəfi kimi hüquqlar əldə edir:
“Bu baxımdan, tərəflərin hər biri üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyə borcludur və müqavilə şərtlərinin pozulması hüquqi məsuliyyət yaradır.
Əgər sifariş edilən mal müştəriyə təqdim olunana qədər zədələnərsə, sınarsa, istifadəyə yararsız vəziyyətə düşərsə və ya hər hansı səbəbdən məhv olarsa, bu halda risk, bir qayda olaraq, malı təqdim edən tərəfin üzərinə düşür. Belə vəziyyətdə müştərinin qanunvericilikdən və müqavilədən irəli gələn bir sıra hüquqları yaranır. İlk növbədə, o, satıcıdan eyni xüsusiyyətlərə malik yeni və qüsursuz malın təqdim edilməsini tələb edə bilər. Əgər bu mümkün deyilsə və ya müştəri bunu məqsədəuyğun hesab etmirsə, o zaman müqavilədən imtina etmək və ödədiyi məbləğin tam şəkildə geri qaytarılmasını tələb etmək hüququna malikdir.
Eyni zamanda, müştərinin zədələnmiş, sınmış və ya istifadəyə yararsız vəziyyətə düşmüş malı qəbul etməyə məcbur edilməsi qanunvericiliyin mahiyyətinə uyğun deyil. Müştəri belə malı qəbul etməkdən imtina edə və öz hüquqlarının təmin olunmasını tələb edə bilər. Müqavilədən imtina edildiyi halda isə satıcı mütləq qaydada müştərinin əvvəlcədən ödədiyi vəsaiti tam həcmdə geri qaytarmalıdır. Bu vəsaitin əsassız olaraq geri qaytarılmaması gələcəkdə hüquqi mübahisənin yaranmasına səbəb ola bilər.
Digər tərəfdən, məsələ yalnız malların çatdırılması ilə məhdudlaşmır. Əgər daşıyıcı şirkət vasitəsilə göndərilən sənədlər, bağlamalar və ya digər əşyalar daşınma prosesi zamanı itirilərsə, məhv olarsa və ya zədələnərsə, bu halda məsuliyyətin kimə aid olduğu xüsusi əhəmiyyət kəsb edir. Əgər müəyyən edilərsə ki, bu hadisə daşıyıcı şirkətin səhlənkarlığı, lazımi təhlükəsizlik tədbirlərini görməməsi və ya müqavilə öhdəliklərini düzgün yerinə yetirməməsi nəticəsində baş veribsə, vurulmuş zərərə görə hüquqi məsuliyyət daşıyıcı şirkətin üzərinə düşür.
Belə hallarda müştəri dəymiş maddi zərərin ödənilməsini, itirilmiş və ya məhv edilmiş əşyanın dəyərinin kompensasiya edilməsini, qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hüquqlarının təmin edilməsini tələb edə bilər. Əgər tərəflər arasında mübahisə yaranarsa və məsələ qarşılıqlı razılıq əsasında həll olunmazsa, müştəri məhkəməyə müraciət edərək hüquqlarını müdafiə edə bilər.
Ümumilikdə, bu kimi hallarda əsas hüquqi prinsip ondan ibarətdir ki, müqavilə üzrə öhdəliyini pozan tərəf bunun nəticəsində qarşı tərəfə vurduğu zərərə görə məsuliyyət daşıyır. Buna görə də həm satıcılar, həm də daşıyıcı şirkətlər öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla və qanunvericiliyin tələblərinə uyğun şəkildə yerinə yetirməli, müştərilər isə hüquqlarının pozulduğunu hesab etdikləri hallarda qanunvericiliyin onlara verdiyi müdafiə mexanizmlərindən istifadə etməlidirlər.”


