Biləsuvar rayonunda kafedə başlayan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndində yerləşən kafedə baş verib.
2003-cü il təvəllüdlü Xəyal ictimai yerdə, insanların çox olduğu hissədə, heç bir əsaslı səbəb olmadan Ağababanı nalayiq sözlərlə söyərək təhqir edib, ona bir neçə dəfə yumruq zərbəsi vurub.
Xəyal barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Xəyal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, hadisə baş verən gün zərərçəkmiş Ağababa kafeyə daxil olaraq telefonunu enerji mənbəyinə qoşmaq istəyib:
“Lakin kafedə işləyən xanım ona bunun üçün ödəniş edilməli olduğunu söylədi. Ağababa isə həmin xanıma kobud şəkildə cavab verdi. Mən isə bu davranışla bağlı ona iradımı bildirdim. Ağababa məni nalayiq ifadələrlə təhqir etdi. Bu səbəbdən də aramızda mübahisə yarandı”.
Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmişlə barışdığını, ona dəymiş maddi ziyanı tam şəkildə ödədiyini və zərərçəkmişin ondan hər hansı şikayətinin və ya tələbinin olmadığını bildirib.
Zərərçəkmiş Ağababa bildirib ki, hadisə baş verən gün evdə istifadə etmək məqsədilə rayon ərazisindən dizel alaraq qayıdarkən yolda telefonunun söndüyünü görüb və onu enerji ilə doldurmaq məqsədilə Xırmandalı kəndində yerləşən, Leyli adlı şəxsə məxsus kafeyə gəlib:
“Mən telefonumu orada enerji mənbəyinə qoşmaq istədiyim zaman kafedə işləyən qadınlardan biri yaxınlaşaraq bildirdi ki, əgər telefonumu burada enerji mənbəyinə qoşacağamsa, bunun müqabilində 2 manat pul ödəməliyəm”.
Ağababa qeyd edib ki, həmin işçiyə bu barədə müəssisə rəhbərliyinə məlumat verəcəyini bildirib:
“Bu zaman kafedə olan, əvvəllər tanımadığım şəxs yanıma gələrək işçilərə nə səbəbə həmin formada cavab verdiyimi soruşdu və mənə qarşı nalayiq ifadələr işlədərək təhqir etdi. Mən də ona cavab verərkən həmin şəxs sifət nahiyəmə bir neçə yumruq zərbəsi endirdi. Bundan sonra kafedən çölə çıxdım. Lakin həmin şəxs də mənim arxamca çıxaraq küçədə məni vurmağa davam etdi”.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Xəyal 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməsi qadağan olunub.
Bundan başqa, bu müddət ərzində ona Biləsuvar rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək tapşırılıb. Həmçinin onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.


