“Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan Birgə Bəyannamənin imzalanmasından ötən bir il Cənubi Qafqazda yeni siyasi reallıqların möhkəmləndiyi dövr kimi qiymətləndirilə bilər. 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülh müqaviləsinin mətninin paraflanması 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində yaranmış reallıqların beynəlxalq səviyyədə qəbulunun mühüm göstəricisi oldu”.
Bu fikirləri deputat Azər Badamov Demokrat.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan müharibədən sonra qalib tərəf kimi deyil, sülh təşəbbüskarı kimi çıxış etdi və beynəlxalq hüquqa əsaslanan beş əsas prinsip əsasında Ermənistanla münasibətlərin normallaşdırılmasını təklif etdi:
“Vaşinqton razılaşmaları bu prosesə yeni impuls verdi və regionda uzunmüddətli sülh, sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar yaratdı.
Bu dövrün əsas nəticələrindən biri Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın əldə olunmasıdır. TRIPP layihəsi gələcəkdə regionun nəqliyyat xəritəsini dəyişə, Azərbaycanı və Cənubi Qafqazı beynəlxalq ticarət marşrutlarının mühüm hissəsinə çevirə bilər.
Ötən bir il ərzində Azərbaycan sülh gündəliyinə sadiqliyini praktiki addımlarla nümayiş etdirib, regional kommunikasiyaların açılmasına və iqtisadi əməkdaşlığın inkişafına töhfə verib. Hazırda yekun sülh müqaviləsinin imzalanması üçün əsas məsələ Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır.
Ümumilikdə, Vaşinqton razılaşmaları Cənubi Qafqazda yeni status-kvonun formalaşdığını göstərir. Bu yeni mərhələ qarşıdurma deyil, sülh, əməkdaşlıq və regional inkişaf dövrünün başlanğıcıdır", – deyə Azər Badamov bildirib.


