Kriminal Özəl

Qardaş qardaşı gülə görə məhkəməyə verdi — Detallar

Qardaş qardaşı gülə görə məhkəməyə verdi — Detallar

Ağcabədi rayonunda 51 yaşlı kişi qardaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Hüsülü kəndi ərazisində baş verib. 1975-ci il təvəllüdlü Şakir kənddə yerləşən yaşadığı fərdi yaşayış evinin yaxınlığında qardaşı Fərhadı kənd təsərrüfatı təyinatlı bel ilə ilk öncə sol dirsək nahiyəsinə bir dəfə, daha sonra isə sağ said nahiyəsinə bir dəfə vurub.

Şakirin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Şakir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ağcabədi rayonunun Hüsülü kəndində ailəsi ilə birlikdə yaşayır:

“Zərərçəkmiş Fərhad mənim qardaşımdır. Bizim aramızda bu vaxta kimi hər hansı münaqişə olmayıb. Hazırkı mübahisələrimiz isə həyətimdə əkilən güllərə görə yaranıb. Mən qardaşım ilə qonşuluqda yaşayıram. Bizim evlərinin arasında daş hasar olub. Lakin qardaşım Fərhadın evinin divarı olan hissədə heç bir hasar olmayıb”.

Təqsirləndirilən şəxs deyib ki, məlum hadisə günü evə gələrkən evlərinin arasında olan daş hasarın qazıldığını və dağıdıldığını görüb:

“Bu barədə qardaşımdan nə üçün hasarı qazdığını soruşdum. Qardaşım isə cavabında əkdiyimiz gülləri sulamağımız nəticəsində onun evinin divarının dib hissəsinə su buraxdığını və nəticədə evin bünövrəsinin partladığını dedi. Bu səbəblə də aramızda ilk olaraq sözlə mübahisə yarandı. Mübahisə zamanı əvvəlcə qardaşım məni yumruqla ağız nahiyəmdən vurdu. Ardınca isə qardaşımı təsərrüfat təyinatlı alət olan bel ilə vurdum”.

Təqsirləndirilən şəxs bildirib ki, daha sonra qardaşı ilə barışıb və aralarında olan problemi həll etdiklərini bildirib:

“Bu səbəblə də törətdiyim əmələ görə peşman olmuşam. Qardaşım ilə aramızda barışıq olub”.

Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Şakir 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olub.

Bundan əlavə Şakirin təyin olunan cəza müddəti ərzində Ağcabədi rayonunun ərazi hüdudlarını tərk etməməsi tapşırılıb.

Hökmə əsasən, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Fariz Məlikli

D
demokrat.az