Kriminal Özəl

Bakıda qızının başına telefon atan kişiyə elektron qolbaq taxıldı

Bakıda qızının başına telefon atan kişiyə elektron qolbaq taxıldı

Bakının Suraxanı rayonunda 48 yaşlı kişi azyaşlı övladına şiddət göstərib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Musa ailə-məişət zəminində yaranmış mübahisə zamanı azyaşlı qızı Ləmana (adlar şərtidir – red.) mobil telefon ataraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarəti yetirib.

İş üzrə izahat verən Musa bildirib ki, Firəngiz onun həyat yoldaşıdır, zərərçəkmiş Ləman isə qızıdır. Onun sözlərinə görə, Firəngizlə 2013-cü ildə ailə qurublar və bir yerdə yaşayırlar:

“Bu münasibətimizdən bir övladımız var. Firəngizlə münasibətlərimiz əvvəllər yaxşı olsa da, son zamanlar qısqanclıq zəminində aramızda mübahisələr baş verib”.

Təqsirləndirilən şəxs deyib ki, sonuncu dəfə məlum hadisə günü, saat 17 radələrində yaşadıqları evdə olarkən həyat yoldaşı Firəngiz ona diqqət göstərmədiyindən əsəbləşib və onun üzərinə gedib:

“Bu zaman azyaşlı qızım Ləman bizi ayırmaq istədi. Buna əsəbləşərək masanın üstündə olan mobil telefonu qızımın başına atdım. Daha sonra özüm təcili yardım çağırdım”.

Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bildiyini deyib, həyat yoldaşı ilə barışdığını söyləyib. O bildirib ki, hadisə zamanı evdə anası, həyat yoldaşı, qızı və özü olub.

Onun sözlərinə görə, həyat yoldaşı ilə ibtidai araşdırma dövründə yox, iş məhkəmənin icraatında olduğu dövrdə barışıb, əvvəllər belə mübahisələri olmayıb.

Məhkəmə iclasında zərərçəkmiş şəxs azyaşlı Ləmanın qanuni nümayəndəsi, Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi ifadəsində göstərib ki, ilkin olaraq Suraxanı Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyasına “WhatsApp” sosial şəbəkəsində olan qrup vasitəsilə təqsirləndirilən şəxsin qızı Ləman və həyat yoldaşı Firəngizə xəsarət yetirilməsi ilə bağlı məlumat daxil olub:

“Zərərçəkmiş şəxsə və anasına 60 günlük qısa mühafizə orderi verildi. Daha sonra mühafizə orderinin icrasına nəzarət üçün polisə də məlumat verdik.

Həmçinin onlar münaqişəli ailə kimi qeydiyyata alınıb”.

Nümayəndə bildirib ki, bu kimi halların təkrarlanması ehtimalı olduğu üçün qərarın qəbul olunması ilə bağlı məsələni məhkəmənin mülahizəsinə buraxıblar.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Musaya 10 ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddətində daimi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan edilib.

Bundan başqa, ona həmin müddət ərzində Bakı şəhərinin ərazisini tərk etməmək tapşırılıb. Həmçinin ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs növündə qətimkan tədbiri ləğv edilib və o, məhkəmə iclas zalında həbsdən azad edilib.

Fariz Məlikli

D
demokrat.az